Fərman Kərimzadənin 75 illik yubileyi qeyd edilib - FOTO

Fərman Kərimzadənin 75 illik yubileyi qeyd edilib - FOTO

Qurban Abbasov adına Mədəniyyət Sarayında Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə tanınmış yazıçı Fərman Kərimzadənin 75 illik yubileyi qeyd edilib. BDM-dən SİA-ya verilən məlumata görə, tədbirdə tədqiqatçılar Əziz Ələkbərli, Adil Cəmil, professor Firudin Cəlilov, filoloq Əli Şamil, şair Bilman Qüdrət, Vedibasar mahalının ağsaqqalı Ağamir Ağa, yazıçının qızı Qəmər Kərimzadə və digərləri öz çıxışlarında yazıçının həyat və yaradılıcığı, keçdiyi yol haqqında nitq söyləyib. Sovet dövründə məhz onun fədakarlığı nəticəsində xalqımızın milli qəhrəmanları ədəbiyyat səhifələrinə gətirib. Yubileydə çıxış edən BDM sədri İsmayıl Ağayev Fərman Kərimzadənin milli yazıçı olduğunu və onun bu gün də onun tam layiqli qiymət almadığını qeyd edərək bu haqda ölkə rəhbərliyinə müraciətin hazırlanmasını təklif etdi. Tədbirdə BDM tərəfindən "F. Kərimzadənin irsinin tədqiqi və təbliği sahəsində göstərdikləri xidmətlərinə" görə Qəmər Kərimzadə, Əli Şamil və Sərtib İslamoğlu fəxri diplomla təltif olundular.

Yubiley tədbirində Mədəniyyət və Turizm Nazirliyindən, Yazıçılar birliyindən, AMEA-nın Folklor, Dil və Ədəbiyyat İnstitutlarından rəhbər şəxslər, elm adamları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirin sonunda Şəmistan Əlizamanlı, Yaqut Qarabağlı və "Cahan" qrupu tərəfindən vətənpərvərlik mahnıları ifa edilib və məktəblilər tərəfindən yazıçının şeirləri oxunub.



Bütün xəbərlər Facebook səhifəmizdə