Daşınmaz əmlakın qeydiyyatı zamanı qarşıya çıxan problemlərlə bağlı müzakirə aparılıb

Daşınmaz əmlakın qeydiyyatı zamanı qarşıya çıxan problemlərlə bağlı müzakirə aparılıb

"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə daşınmaz əmlakın dövlət qeydiyyatı zamanı qarşıya çıxan problemləri müzakirə etmək məqsədilə dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbir hökumət qurumları ilə qeyri-hökümət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd daşınmaz əmlakın qeydiyyatı zamanı yaranan korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, eyni zamanda bu sahədə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaq olub. Bir sıra dövlət qurumları, yerli və beynəlxalq qeyri-hökümət təşkilatlarının nümayəndələri tədbirdə iştirak edib və müzakirə aparıblar. İştirakçılar belə bir qənaətə gəliblər ki, hökümət son illərdə daşınmaz əmlakın dövlət qeydiyyatında şəffaflığın və effektivliyin təmin edilməsi məqsədilə, mülkiyyətin qeydiyyatının asanlaşdırılması, bütün növ qeydiyyat məsələlərinin aparılması üçün vahid məlumat sisteminin yaradılması və onlayn qeydiyyatın aparılması kimi addımlar atıblar. Mülkiyyətin başqa bir ada keçirilməsi üçün üçün dörd mərhələ tələb olunur ki, bu da 11 gün çəkir. Bu xidmətin haqqı isə əmlakın dəyərinin 0,2 %-i həcmindədir. Amma bununla belə təcrübədə bu sahədə ciddi çatışmazlıqlar qalmaqdadır. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov daşınmaz əmlakın qeydiyyatı sahəsində qarşıya çıxan hüquqi problemlər barədə məlumat verib. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı daşınmaz əmlakın qeydiyyatı zamanı yol verilən qanun pozuntuları və onların qarşısının alınması ilə bağlı məsələlər haqqında danışıb. İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, İradə Cavadova, vəkil nöqteyi nəzərindən daşınmaz əmlakın qeydiyyatında şəffaflıq məsələlərinə toxunub. Konstitutsiya Araşdırmaları fondunun vitse-prezidenti, Zaur İbrahimov yerli ekspertlər tərəfindən hazırlanan daşınmaz əmlakın qeydiyyatında yol verilən pozuntuların monitorinqinin aparılmasının metodologiyası barədə məlumat verib. Tədbirin sonunda "Şəffaflıq Azərbaycan" təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın artırılması ilə bağlı təkliflər səsləndirib. Tədbirin sonunda iştirakçılar tərəfindən jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, dəyirmi masa Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə "Şəffaflıq Azərbaycan" İB tərəfindən icra edilən ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi) layihəsinin İctimai müzakirələr komponenti çərçivəsində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə