Azərbaycan Dillər Universitetində \"İndoneziya batiki\" adlı tədbir keçirilib - FOTO
Bu gün Azərbaycan Dillər Universitetində İndoneziya Araşdırmalar mərkəzinin direktoru Laura Zərbəliyevanın təşkilatçılığı ilə "İndoneziya batiki" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ADU-nun tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, regionşunaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto, səfirliyin müşaviri Agus Trimartono, səfirliyin nümayəndələri və Universitetin professor-müəllim heyəti iştirak edib.
Tədbirin məqsədi tədbir iştirakçılarını İndoneziya mədəniyyəti, milli geyimləri, əl işləri ilə tanış etmək və ölkənin mədəniyyətini, incəsənətini təbliğ etməkdir.
Tədbiri giriş sözü ilə açan Regionşunaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev qonaqları salamlayıb. İndoneziyada batik günü olduğunu qeyd edən dekan İndoneziya mədəniyyətinin Azərbaycan mədəniyyəti kimi zəngin olduğunu qeyd edib.
İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto bu tədbirin ADU-da təşkil olunmasından məmnunluğunu dilə gətirib və tədbirin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirəcəyini vurğulayıb. Səfir belə tədbirlərin tələbələr tərəfindən keçirilməsinin sevindirici hal olduğunu dilə gətirib.
Tədbirdə İndoneziya batiki haqqında iştirakçılara ətraflı məlumat verilib. Regionşunaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan 162 və 471-ci qrup tələbələri üzərində batik elementləri olan zəngin parçalardan hazırlanmış İndoneziyanın milli geyimlərini nümayiş etdiriblər. Tələbələr İndoneziya mədəniyyəti ilə Azərbaycan mədəniyyəti arasında oxşar cəhətlərdən danışıblar. İndoneziyadan dəvət olunmuş batik üzrə mütəxəssis Bambang Sumardiyono parçalar üzərində batik vasitəsilə naxış vurub və bu mədəniyyətlə iştirakçıları tanış edib.
Tədbir çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov səfirliyin nümayəndələri ilə görüşüb. Görüş zamanı gələcəkdə musiqi ilə də bağlı bu səpkidə tədbirlərin keçirilməsi müzakirə olunub.
Rektor Səməd Seyidov qonaqlara öz minnətdarlığını bildirib və belə tədbirlərin tələbələri daha da həvəsləndirdiyini qeyd edib. Eyni zamanda bu sahədə İndoneziya Araşdırmalar mərkəzinin rolunu vurğulayıb.
Daha sonra İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto Universitetə kitablar hədiyyə edib.
Qeyd edək ki, 2009-cu il Oktyabrın 2-də batik UNESCO tərəfindən İndoneziyada Bəşəriyyətin Mədəni İrsinin Şah Əsəri kimi tanınıb.
Batik İndoneziyada Yava mədəniyyətinin ayrılmaz hissəsidir. Yavanın kral saraylarına əsaslanan yüksək inkişaf etmiş və incəsənət ənənəsinə çevrilmiş Batik etnik qruplarından asılı olmayaraq bütün İndoneziyalar tərəfindən milli kimlik kimi qəbul edilib. İndoneziyanın Kalimantan, Jambi(Sumatra) və həmçinin Bali kimi bir çox ərazilərində Batik ənənəsi vardır. Bu sənətin mərkəzi Solo, Cogcakarta, Pekalongan və ya Çirebon daxil olmaqla Yava adasının şəhərlərindədir.
Belə ki, ilk olaraq qələmlə parçaya dizayn verilir. Sonra parçanı boyanmadan qorumaq və sonda rəngli bir məhsul əldə etmək məqsədilə əridilmiş isti mum çantinq aləti vasitəsilə
çəkilmiş motivlərə tətbiq olunur. Mumun asan çəkilməsi üçün bəzən çantinqin ucunu üfürmək lazımdır.
Nəticədə çəkilmiş motivlər mumla örtülür. Sonra parça boyanır. Parça boyandıqdan və quruduqdan sonra mum isti su vasitəsilə təmizlənir, boyanmış materialın üzərinə mumun izləri həkk olunur. Rənglənmə prosesi istənilən məhsul və nəticə əldə edilənə kimi bir neçə dəfə təkrar olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB