Aleksandr Qruşko: “Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələr yaradılmasından keçən iyirmi il ərzində çox böyük iş görülmüşdür”

Aleksandr Qruşko: “Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələr yaradılmasından keçən iyirmi il ərzində çox böyük iş görülmüşdür”

"Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyini qeyd etdiyimiz bu günlərdə Rusiya-Azərbaycan münasibətləri ilə peşəkar səviyyədə məşğul olan hər kəs məmnunluq hissi keçirilir, çünki tarixən qısa müddətdə çox möhtəşəm işlər görülmüş, böyük işlərin təməli qoyulmuşdur". SİA-nın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko AzərTAc-a verdiyi məxsusi müsahibəsində deyib.

A.Qruşkonun sözlərinə görə nisbətən qısa müddətdə bütün istiqamətlərdə ciddi nəticələr əldə edildiyini söyləmək olar. Rusiyalı diplomat deyib: "Bu, ticari-iqtisadi əlaqələrə də aiddir. Əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dolları keçmişdir. Bizim hüquqi bazamız yaxşı inkişaf edir. Bu günə qədər 150-dən artıq ikitərəfli saziş imzalanmış və qüvvəyə minmişdir. Sərhədlərin delimitasiyası ilə bağlı çox mürəkkəb və incə bir problemi həll edə bilmişik. Bu gün bizim əməkdaşlığın daha bir vasitəsinə çevrilən sərhədlər xalqlarımızı bir-birinə yaxınlaşdırır. Ən başlıcası isə, əlbəttə, bizim müştərək mədəni və tarixi əlaqələrimizdir. Xalqlarımız bütün sahələrdə böyük uğurlar qazanmışdır. Bizim birlikdə keçdiyimiz tarixi yol, Böyük Vətən müharibəsində qazandığımız qələbə - bunlar gələcəkdə də xalqlarımızın bir-birinə yaxınlaşmasına xidmət edəcək amillərdir. Əlbəttə, bu gün dünya dəyişir, dövlətlərarası münasibətlərin xarakteri də dəyişir. Lakin xalqlarımızın müştərək tarixi kökləri ilə, dilimizlə bağlı qarşılıqlı rəğbət resursu daim qalacaqdır".

Alekasandr Qruşko vurğulayıb ki, iki ölkə prezidentlərinin səmimi dostluq münasibətləri qarşılıqlı əlaqələrin ən mühüm elementidir. "Ən başlıcası, hamımız bir-birimizi başa düşürük, biz bir koordinat sistemindəyik və eyni dildə danışırıq. Mənim fikrimcə, həyatda gələcəkdə də üzləşəcəyimiz müəyyən problemlərə, qlobal kontekstlə, maliyyə-iqtisadi böhranla, ölkələrimizin inkişaf xüsusiyyətləri ilə bağlı çağırışlara baxmayaraq, bizim ümumi sərvətimiz, ölkələrimizin rəhbərləri arasında yaranmış əla münasibətlər Rusiya ilə Azərbaycan arasında münasibətlərin bundan sonra da durmadan inkişafına təminat verəcəkdir", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə