Aydınxan Əbilov: \"Eurovision- 2012-də Azərbaycan həqiqətlərini bir daha dünyaya nümayiş etdirə biləcəyik\"- MÜSAHİBƏ (SƏS TV)

Aydınxan Əbilov: \"Eurovision- 2012-də Azərbaycan həqiqətlərini bir daha dünyaya nümayiş etdirə biləcəyik\"- MÜSAHİBƏ (SƏS TV)

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kitabxana.net portalının rəhbəri Aydınxan Əbilovun SƏS TV-yə müsahibəsi:

- Qurumunuz \"Eurovision- 2012\" mahnı müsabiqəsinin təbliğatı ilə bağlı hansı işləri görür?

- Bildiyimiz kimi, Azərbaycan bu il may ayında keçiriləcək mötəbər yarışmaya ev sahibliyi edəcək. Bu tək televiziya müsabiqəsi deyil, eləcə də ölkəmizin tanıdılması baxımından vacib əhəmiyyət daşıyır. Bu da Azərbaycanı dünyanın böyük bir konsert salonuna çevirəcək. Cəmiyyətimizin hər bir təbəqəsi ölkəmizin təbliğatı üçün əlindən gələni etməlidir. Bununla bağlı qurumumuz və gənc yazarlar müxtəlif tədbirlər həyata keçirirlər. Kulturoloq olaraq sosial şəbəkələrdə geniş təbliğat işləri görürəm. Azərbaycan cəmiyyətinin hər zaman bu müsabiqəyə hazır olmasını təbliğ edirik. Müsabiqə ilə bağlı may ayında iki geniş tədbir həyata keçirmək də nəzərdə tutulur.

- Bu müsabiqəni siyasiləşdirməyə cəhd göstərirlər. Sizin buna münasibətiniz necədir?

- Eurovision mahnı müsabiqəsi həqiqətən də siyasi bir hadisədir. Böyük siyasi hadisə olduğuna görə də hər hansı bir mövqeyə hakim olan və bizi sevməyən insanlar bizə qarşı hücuma keçəcəklər. Bu digər ölkələrdə də belə idi. Təəssüflər olsun ki, daxilimizdə olan mənfur insanlar anlamırlar ki, bu müsabiqə tək Azərbaycanda yaşayan xalqlar üçün deyil, eləcə də digər həmvətənlərimizə xeyirdir. Müxtəlif xarici ölkələrin təsiri altında Azərbaycanla bağlı qara piyar məsələsinə də başlanılıb. Bu da anlaşılan məsələdir. Təbii ki, xaricdə bizi sevməyən qüvvələr mövcuddur. Ancaq daxildə olan qarşıdurmanı anlaya bilmirəm. Mədəniyyət sahəsində qazandığımız uğurumuz və dünyanı Azərbaycana gətirəcək bu yarışma nəticəsində ölkəmizin həqiqətlərini bir daha nümayiş etdirə biləcəyik.

- Qara qüvvələrə məsləhətiniz nədir? Azərbaycan olaraq üzərimizə hansı işlər düşür?

- Dövlətimiz öhdəsinə düşən işi layiqincə yerinə yetirir. Maliyyə baxımından da lazımi vəsait ayrılıb. Heç bir ölkənin etmədiyini biz etdik. Müsabiqədə 4 il iştirak etməyimizə baxmayaraq birinciliyə nail ola bildik. Müsabiqə üçün ayrıca arena inşa edilir. Başqa dövlətlərdə isə belə deyildi.

Bütün xəbərlər Facebook səhifəmizdə