Avropalı gənclər Nizami Gəncəvinin xatirəsinə həsr olunan sərgiyə qatılıb - FOTO

Avropalı gənclər Nizami Gəncəvinin xatirəsinə həsr olunan sərgiyə qatılıb - FOTO

Gəncədə beynəlxalq konfransda iştirak edən avropalı gənclər dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr olunan sərgidə iştirak edib. SİA-nın bölgə müxbirinin məlumatına görə, avropalı gənclər şairin məzarını ziyarət edib və dərin etiramlarını ifadə ediblər. Dünya şöhrətli şairin həyat və yaradıcılığını əks etdirən sərgidə avropalı qonaqlar söz sərkərdəsini, belə desək, daha yaxından tanımağa müvəffəq olub. Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə avropalı gənclərlə yanaşı icra aparatının rəsmiləri də iştirak edib. Məqsəd Nizami Gəncəvinin ədəbi irsini təbliğ etməkdir. Bildirək ki, sərgidə müxtəlif idarə və təşkilatlardan, həmçinin ali və orta məktəblər tərəfindən təxminən 200-dən artıq əsər nümayiş olunub. Əsərlər arasında Nizami Gəncəvi ilə yanaşı Gəncə şəhərinin qədim tarixə malik olması da xüsusi əksini tapıb. Hazırlanan eksponatlar xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Bildirək ki, sərgi ilə yanaşı şairin \"Xəmsə\"sindən hazırlanan tamaşalar da nümayiş olunub. Ümumiyyətlə, ölkə başçısı İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyinin geniş şəkildə keçirilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq söz ustadının vətənində geniş tədbirlər planı hazırlanıb. Belə ki, ali və orta tədris müəssisələrində şer müsabiqələri musiqi saatları və müxtəlif kompozisiyalar hazırlanıb.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə