“Dövlət və Din” ictimai fikir toplusunun mart-aprel sayı işıq üzü görüb

“Dövlət və Din” ictimai fikir toplusunun mart-aprel sayı işıq üzü görüb

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan "Dövlət və Din" ictimai fikir toplusunun mart-aprel sayı çapdan çıxıb. SİA-nın xəbərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına dövlət başçısının təbriki ilə açılan jurnalın "Rəsmi guşə"sində ölkə Prezidentinin həmçinin, Novruz bayramı münasibətilə xalqımıza təbriki, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar xalqa müraciəti, həmin faciə ilə bağlı ümumxalq yürüşünün keçirilməsi, Prezident İlham Əliyevin Salyanda əsaslı təmir və bərpa edilmiş Cümə məscidi ilə tanışlığı barədə materiallar da yer alıb. Toplunun "Gerçəklik" rubrikasında professor Rüstəm Rüstəmovun "Dini və qloballaşma proseslərinin qarşılıqlı əlaqəsi", Ruşan Ruşanzadənin "Siyasi əxlaqın funksional prinsipləri" məqalələri diqqəti cəlb edir.

Oxucular ənənəvi "Cəmiyyət və Din" bölməsində "Müasir Azərbaycan cəmiyyəti: milli-dini tolerantlıq" (Elşad Həsənli) məqaləsi, "Qloballaşan dünyada submədəniyyətlər" (Anar Həsənli) və "Çağdaş Azərbaycanda İslam dini və dövlət-din münasibətlərinə dair" (Aydın Əlizadə) yazıları ilə tanış ola bilərlər. Jurnalın "İslam həqiqətləri" rubrikası isə Şəfahət Abdullayevanın "Sufilərin həqiqət axtarışları", Rahil Nəcəfovun "Проблема откровения в философии восточного перипатетизма" məqalələri əsasında formalaşıb.

Faiq Ələkbərovun "Şamanizm: Azərbaycan türklərinin qədim dini-mifoloji təlimlərindən biri kimi" və Şamil Nəcəfovun "İbtidai totemizm və heyvanlarla birlikdə dəfn adəti (Azərbaycanın qədim sakinlərinin e.ə IV-I minilliklərə aid dəfn adətləri əsasında) " adlı yazıları ictimai fikir toplusunun maraqlı rubrikalarından olan "Tarixə pəncərə" bölməsində dərc edilib. Nailə Süleymanovanın "Azərbaycanda Qurani-Kərimin qədim əlyazma nüsxələrinə dair" yazısı isə jurnalın "Abidələr" guşəsində yer alıb.

Qadir Hüseynzadənin "Şəbüstərinin "Gülşəni-raz" əsərində sufi rəmzləri" və Sevinc Rəhnullanın "Azərbaycanlı şeyxülislamlar: Azərbaycan Xalq Cümhuriyyəti dövründən günümüzədək" məqalələri isə toplunun "Etüd" rubrikasına daxil edilib. Jurnalın bu sayında da Martin Lingsin "Məhəmməd. İlk mənbələr əsasında onun həyatı" adlı məşhur əsərinin davamı ana dilimizdə dərc olunub. Toplunun ənənəvi olan "Sirlər Xəzinəsi" adlı informasiya blokunda ədəbiyyat, din, incəsənət, kitabşünaslıq, arxeologiya və tibbə dair maraqlı məlumatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə