“Azərsu” ASC-nin “Bakı Sukanal” İdarəsində yeni departament yaradılıb
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsini təmin etmək məqsədilə idarəetmə sisteminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində tədbirləri davam etdirir. İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və nəzarət sisteminin gücləndirilməsi üçün "Azərsu" ASC-in idarə və müəssisələrində struktur islahatları aparılır. ASC-in mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu islahatların tərkib hissəsi olaraq ASC sədrinin əmri ilə "Bakı Sukanal" İdarəsinin "Bağlar Sukanal" Departamenti yaradılmışdır. Yeni yaradılan departament Bakı şəhərinin Sabunçu və Binəqədi rayonlarının, Sumqayıt və Abşeronun bağ massivlərindəki, həmçinin Novxanı, Fatmayi, Goradil kəndlərindəki, Mehdiabad, Məhəmmədi, Yeni Məhəmmədi, Digah, Pirşağı və Kürdəxanı qəsəbələrindəki abunəçilərə xidmət göstərəcəkdir. İndiyədək bu ərazilərə Binəqədi və Sabunçu sukanal departamentləri, Sumqayıt və Abşeron sukanal idarələri xidmət göstərirdi.
Qeyd edək ki, adıçəkilən ərazilərdə 22 min 700 abunəçi vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə