Ötən ay Azərbaycandan 1187 əcnəbi çıxarılıb

Ötən ay Azərbaycandan 1187 əcnəbi çıxarılıb

Ötən ay Dövlət Miqrasiya Xidmətinə bir sıra məsələlərlə bağlı 4349 müraciət daxil olub. Xidmətdən SİA-ya verilən məlumata görə, müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Mart ayı ərzində 1410 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 223 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1027 əcnəbi barəsində AR ərazisini 48 saat ərzində tərk etmə, 160 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Həmçinin işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə DMX əməkdaşları tərəfindən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilən tədbirlər nəticəsində mövcud qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilən bir sıra sahibkarlıq subyektləri və əcnəbilər barəsində müvafiq tədbirlər görülüb. Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq tədbirlər davam etdirilir.










Bütün xəbərlər Facebook səhifəmizdə