Bakı-2020 idman-marketinqi üzrə ixtisaslaşan şirkətlə əməkdaşlığa başladı

Bakı-2020 idman-marketinqi üzrə ixtisaslaşan şirkətlə əməkdaşlığa başladı

2020 Olimpiya və Paralimpiya Oyunlarına Bakının ev sahibliyi üçün hazırlıq işlərini gücləndirmək məqsədilə Bakı-2020 Təşkilat Komitəsi ABŞ-ın Atlanta şəhərində yerləşən beynəlxalq idman-marketinqi üzrə ixtisaslaşan Helios Partners şirkəti ilə əməkdaşlığa başladığını elan edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmtəindən SİA-ya verilən xəbərə görə, Helios şirkəti Bakı-2020 layihəsinə yüksək səviyyəli təqdimatların hazırlanması və ümumi hazırlıq strategiyasının inkişaf etdirilməsinə kömək edəcək. Heliosun hazırlayacağı ilk təqdimat gələn həftə Moksvada keçiriləcək Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasındə Bakı-2020 Təşkilat Komitəsinin çıxışı olacaq.

Helios şirkəti ilə əməkdaşlıq haqqında fikrini bildirən gənclər və idman naziri Azad Rəhimov qeyd edib: "Heliosun Bakı-2020 layihəsinə qoşulmasına çox məmnunam. Helios şirkəti bir çox namizəd şəhərlərin Olimpiya Oyunlarına ev sahibliyini qazanmağa kömək edib. Şirkətin rəhbəri Terrens Börns və onun mütəxəssisləri ilə Bakı-2020 layihəsində əməkdaşlığımızın uğurlu olacağına inanıram. Bakı-2020-nin şüarı olan Birlikdə Bacararıq ifadəsi əslində məqsədimizə çatmaq üçün əməkdaşlığın vacibliyi haqqındadır – istər Təşkilat Komitəsi daxilində, istər Təşkilat Komitəsi ilə mütəxəssislər arasında, və həmçinin Bakı-2020 ilə dünya Olimpiya Hərəkatı arasında".

Helios Partners şirkətinin Prezidenti Terrens Börns öz növbəsində Bakı-2020 layihəsinin unikal və çox maraqlı bir layihə olduğunu vurğulayıb: "Əminliklə qeyd edə bilərəm ki, Olimpiya Hərəkatı təcrübəsində Bakının namizədliyi Olimpiya Oyunları üçün çox maraqıl və unikal imkanlar təqdim edir. Olimpiya Oyunlarının Bakıda keçirilməsi perspektivi nəinki Azərbaycan üçün, hətta bütün region üçün, onun mədəni və idman həyatı üçün böyük inkişaf imkanları açır. Bundan başqa onu da qeyd etməliyəm ki, əgər Olimpiya Oyunlarının Bakıda keçirilməsi yüksək səviyyədə təşkil edilsə bu, Bakının timsalında digər potensial ev sahibi şəhərləri üçün oyunların xərc deyil, məhz səmərəli investisiya nümunəsi ola bilər. Bakı şəhərinin inkişaf planı Olimpiya oyunlarına deyil, əksinə, Olimpiya Oyunları infrastruktunun Bakının uzun-müddətli inkişaf

planına uyğunlaşdırılacağı nəzərdə tutulur. Olimpiya Oyunları planına məhz bu cür səmərəli və məsuliyyətli yanaşma Bakı-2020 layihəsinin özünəməxsusluğunu təşkil edir".

Bakı-2020 sifariş kitabı və simvolikasını hazırlayan Pmplegacy şirkətinin Sədri Peter Mann da yeni şirkət haqqında müsbət fikirlər söyləyib: "Heliosla əməkdaşlığımıza çox şadam. Olimpiya Oyunlarına namizədlik məsələləri ilə məşğul olan şirkətlər heç də çox deyil, və bu sahədə çalışanlar bir-birini yaxşı tanıyır. Onu deməliyəm ki, bu şirkətin Bakı-2020 layihəsinə qoşulması bizim partyorluğumuzu daha güclü edəcək və Birlikdə Bacararıq şüarımız altında səylərimizi daha də məhsuldar edəcək. Bakının hazırlayıb təqdim etdiyi Sifariş Kitabı özündə hamını ruhlandıran ideyanı əks etdirməklə yanaşı, eyni zamanda çox praktiki və səmərəli infrastruktur planı və gələcək nəsillərə miras qalacaq davamlı Oyunlar konsepsiyasına əsaslanır. Terrenslə əməkdaşlığımızın Bakı-2020-nin növbəti mərhələyə keçməsinə komək edəcəyinə inanıram".

Atlanta, Pekin, London, Parij və Rio-de-Janeyro şəhərlərində ofisləri olan Helios Partners şirkəti iri miqyaslı idman tədbirlərinə namizədliyin təşkili sahəsində dünya lideri hesab edilir. Şirkət Pxenyan-2018 Olimpiya və Paralimpiya Oyunları, Rusiyanın 2018 FIFA Dünya Çempionatına ev sahibliyi, Kazan-2013 Universiadası və 2014-Soçi Qış Olimpiya Oyunları layihələrinin hazırlığında yaxından iştirak edib. Məhz Helios şirkətinin uğurlu işi nəticəsində qolf idman növü 2016-da Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə