Əmək və əhalinin sosial müdafiəsi naziri Quba şəhərində müşavirə keçirib

Əmək və əhalinin sosial müdafiəsi naziri Quba şəhərində müşavirə keçirib

Bu gün Quba şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Sosial Xidmətlər Təşəbbüsü"nün Quba və İsmayıllı rayonlarında birgə həyata keçirdiyi "Səyyar reabilitasiya xidmətləri" layihəsinin icrasına həsr olunan müşavirə keçirilib. SİA-nın xəbərinə görə, müşavirədə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov prezident İlham Əliyevin ölkənin bütün istiqamətlər üzrə inkişafında müasir yanaşma prinsipini irəli sürdüyünü, sosial cəhətdən həssas qrupların, xüsusən əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərdə də müasir yanaşmanın daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Qeyd olunub ki, XXI əsr dünya praktikasında əlilliyə münasibətdə yeni meyillər – sosial və həm də sistemli yanaşma əsasında sosial inteqrasiyaya şərait yaradan xidmət tendensiyalarının formalaşması və genişlənməsi müşaiyət olunur. Dünyaya fəal inteqrasiya yolunu tutan Azərbaycan sağlamlıq imkanları məhdud uşaqlara alternativ qayğı sahəsində qabaqcıl dünya təcrübəsinə xüsusi önəm verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2012-ci ildən etibarən ilk dəfə dövlət sifarişi əsasında Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) ilə birgə Bakı, Sumqayıt, Gəncə, Xaçmaz və Şəkidə əlilliyi olan uşaqlar üçün icma əsaslı reabilitasiya xidmətlərinin pilot layihəsinin icrasına başlayıb. Nazirlik risk qrupunda olan uşaqların sosial reabilitasiyası sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində 2012-ci ildən "Ümidli Gələcək" Gənclər Təşkilatı və Uşaq Hüquqları üzrə QHT Alyansının "Uşaqlara və ailələrə hüquqi yardım mərkəzi" və "Zorakılığa məruz qalmış uşaqların reabilitasiyası mərkəzi" layihələrinin icrasını dəstəkləyir. Həmin mərkəzlərin fəaliyyəti üçün Nazirliyin Sabunçu rayon ƏSMM-nin inzibati binasında müvafiq yer ayrılıb.

Layihə çərçivəsində hər iki rayonda yaradılaraq nəqliyyatla təmin edilmiş 4 nəfərlik səyyari xidmət dəstələri tərəfindən xidmət müəssisələrindən uzaqda, ucqar kəndlərdə yaşayan 3-12 yaşlı 120-dən çox əqli geriliyi olan uşaqlara öz evlərində mütəmadi qaydada ixtisaslaşmış icma əsaslı reabilitasiya xidmətləri göstərilib. Həmçinin onların valideynləri ilə maarifləndirmə işləri aparılıb, müvafiq hallarda uşaqlar reabilitasiya avadanlıqları ilə təmin edilib. Uşaqlardan 35 nəfəri üçün Fərdi Reabilitasiya və Qayğı Planı üzrə davamlı psixo-sosial xidmətlər göstərilib və onlardan əksər hissəsinin gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün onlarda zəruri bacarıq və vərdişlərin yaradılması məqsədinə nail olunub. Eyni zamanda, sosial xidmət müəsissəsinə verilmək riski yüksək olan 21 uşağın artıq internat evlərinə yerləşdirilməsi zərurəti aradan qalxıb ki, bu da 2006-2015-ci illər üçün "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və Alternativ Qayğı Dövlət Proqramı"nın icrasına mühüm bir töhfədir.

"Sosial Xidmətlər Təşəbbüsü" ilə birgə "Səyyar reabilitasiya xidmətləri" layihəsinin icrası sahəsində əldə olunan uğur nazirliyin ixtisaslaşan vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq sahəsində müsbət təcrübəsini daha da zənginləşdirir. Bu, eyni zamanda, gələcəkdə aktiv xarakterli sosial proqramların, o cümlədən reabilitasiya əhəmiyyətli layihələrin icrasında QHT-lərin daha fəal iştirakının təmin edilməsi üçün mühüm bir stimuldur. Müşavirədə "Səyyar reabilitasiya xidmətləri" layihəsinin icrası işlərinin nəticələri barədə geniş məlumatlar verilib, səyyar şəkildə həyata keçirilən xidmətləri əks etdirən videoçarx nümayiş olunub. Aidiyyati hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri layihənin nəticələrini yüksək dəyərləndirərək, uşaqların dövlət müəsissələrinə düşməsinin qarşısının alınmasında alternativ qayğının əhəmiyyətindən, səyyar reabilitasiya xidmətlərinin sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təminatında rolundan söz açıblar. Daha sonra Quba rayonunun Alekseyevka kəndində yaşayan 6 yaşlı Elvin İsmayılova göstərilən səyyar reabilitasiya proqramına baxış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə