Milli Məclisdə "Mədəniyyət haqqında" qanun layihəsi ilk oxunuşda müzakirə
olunub. SİA-nın
xəbərinə görə, Mədəniyyət
Komitəsinin sədri Nizami Cəfərov bildirib ki, bundan əvvəlki müvafiq qanun 1998-ci ildə
qəbul olunub. Onun sözlərinə görə, yeni qanun Azərbaycan Konstitusiyasının
40-cı maddəsi ilə təsbit olunmuş mədəniyyət hüququnun təmin olunması məqsədilə
dövlət mədəniyyət siyasətinin əsas prinsiplərini, dövlət mədəniyyət
fəaliyyətinin formalarını və təşkilati, hüquqi və iqtisadi əsaslarını,
mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin hüquqlarını və
vəzifələrini, həmçinin mədəniyyət işçilərinin statusunu müəyyən edir,
mədəniyyətin ayrı-ayrı formaları üzrə müvafiq qanunların və digər normativ
hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır.
O bildirib ki, yeni
qanun layihəsi 9 fəsil və 46 maddədən ibarətdir. Layihənin 42-ci maddəsi
"şou-biznes və multimedia" adlanır. Orada bildirilir ki, şou-biznes (kütləvi
əyləncələr industriyası) və multimedia (fotoqrafiya, audio, video, kompüter,
internet və s.) istehsalı Azərbaycan qanunvericiliyə əsasən tənzimlənir. Fəaliyyəti milli-mədəni dəyərlər baxımından
cəlbedici olan şou-biznes və multimedia müəssisləri və nümayəndələri dövlət
tərəfindən stimullaşdırılır.
Qanun layihəsi müzakirə olunarkən parlament sədrinin müavini Valeh Ələsgərov layihəni tənqid edib. O qeyd edib ki, qanun layihəsində bir sıra qeyri-müəyyənliklər və uyğunsuzluqlar var. V.Ələsgərovun sözlərinə görə, bu qanun layihəsi yenidən işlənilməli, qanunvericiliyə uyğunlaşdırılmalı və bizə təqdim edilməlidir. Milli Məclisin vitse-spikeri Bahar Muradova da tənqid edib. O, layihədə bəzi dolaşıqlıqlar olduğunu deyib. Millət vəkili Elmira Axundova da layihədəki çatışmazlıqlardan danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB