Müvəqqəti saxlanma təcridxanası və internat evinə baş çəkilib

Müvəqqəti saxlanma təcridxanası və internat evinə baş çəkilib

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Xəzər Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanma təcridxanasına (MST), həmin idarənin 1-ci polis bölməsinə başçəkmələr həyata keçirib, saxlanma şəraitini araşdırıblar. SİA-nın xəbərinə görə, MST-də saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər.

MPM qrupunun üzvləri adı çəkilən MST və polis bölməsində saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə də tanış olub, pozuntu halları aşkar edilməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan qəsəbəsindəki 3 saylı İnternat evinə də başçəkmə həyata keçirilib, burada əqli qüsurlu uşaqların saxlanma şəraiti və onlarla rəftar araşdırılıb. Müəssisənin bütün obyektlərinə, yataq, məşğələ və sinif otaqlarına, yeməkxanaya, hamama baxış keçirilmiş, araşdırma zamanı burada müəssisə rəhbərliyi, tərbiyəçilər və dayələr tərəfindən uşaqlara qarşı zorakılıq halları müəyyən edilməyib.

Qeyd olunmalıdır ki, bu İnternat evi ötən il əsaslı təmir olunmuşdur və müasir standartlara cavab verir, müəssisədə sanitar-gigiyena qaydalarına riayət edilir. Baxış keçirilən müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə