Azərbaycanda İKT-dən istifadə sahəsində faktiki vəziyyət açıqlandı - FOTO
Bu gün Azərbaycan Marketinq Cəmiyyəti (AMC) "Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi" mövzusunda keçirdiyi araşdırmanın nəticələrini ictimaiyyətə açıqlayıb. SİA-nın xəbərinə görə, bu məqsədlə keçirilən təqdimat mərasimində dövlət qurumlarının, diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, özəl sektorun, o cümlədən, İKT şirkətlərinin nümayəndələri və kütləvi informasiya vasitələrinin mənsubları iştirak ediblər.
Araşdırmanın nəticələrini AMC-nin idarə heyətinin sədri Rəhim Hüseynov təqdim edib. O bildirib ki, Azərbaycan Marketinq Cəmiyyəti İKT sektorunun ölkəmizin aparıcı və prioritet sahə olmasını, gələcək davamlı iqtisadi inkişaf üçün yüksək potensialını nəzərə alaraq sektorda son illər həyata keçirilən islahatların nəticələrinin qiymətləndirilməsi məqsədi ilə araşdırma aparıb. Onun sözlərinə görə, araşdırmanın əsas hissəsi olan sorğu respondentlərin evində üzbəüz müsahibə şəklində aparılıb, ev təsərrüfatlarının müəyyənləşdirilməsi sistemli, təsadüfi seçim əsasında həyata keçirilib.
"Aparılan araşdırmanın nəticələri göstərir ki, 2011-ci ildə ölkə ərazisində ev təsərrüfatlarının 56,0%-də ən azından 1 kompyuter var. Ölkədə hər 100 nəfərə düşən kompyuterlərin orta hesabla sayı isə 22-dir. Ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 68%-ə bərabərdir. Bu isə Azərbaycanın hər 100 nəfərə düşən internet istifadəçilərinin say göstəricisinə görə dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlaması deməkdir. Ümumiyyətlə, sorğunun nəticələri Azərbaycanda İKT sektorunun gələcəyinə ümidlə baxması üçün əsas verir. Əhalinin rəyi, digər mənbələr və əvvəlki illərlə müqayisə əsasında demək olar ki, ölkədə İKT sektorunun inkişaf dinamikası yüksəkdir və bu sahədə geniş potensial mövcuddur", - deyə o əlavə edib.
Tədbirin davamında Dünya İqtisadi Forumunun 2011-2012-ci il üzrə dünya ölkələrində İKT inkişafı üzrə dərc etdiyi reytinqlər də elan edilib. Azərbaycan bu reytinq cədvəlində əvvəlki hesabatla müqayisədə 9 pillə irəliləyərək 142 ölkə siyahısında 61-ci mövqedə qərarlaşıb. Tədbirdə son 5 ildə MDB məkanında İKT sahəsində vəziyyəti əks etdirən müqayisəli təhlil də nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB