Hesablama Palatasının 2011-ci il üçün hesabatı Milli Məclisdə qəbul olundu

Hesablama Palatasının 2011-ci il üçün hesabatı Milli Məclisdə qəbul olundu

Hesablama Palatasının 2011-ci il üçün hesabatı Milli Məclisdə qəbul olunub. SİA-nın xəbərinə görə, hesabatın müzakirəsi zamanı bir sıra məsələlər müzakirə olunub. Millət vəkili Fəzail İbrahimli Hesablama Palatasının hesabatını elmi əsaslandırılmış hesabat adlandırıb. Onun sözlərinə görə, bu hesabatı namizədlik dissertasiyası kimi müdafiə etmək olar.

Deputat Zahid Oruc isə vurğulayıb ki, hərbi qurumlarda audit yoxlamaları aparılmalı, bunun hesabatı şəxsən Azərbaycan prezidentinə təqdim olunmalıdır. Onun fikrincə, əgər haradasa əsgərlərə ayrılan vəsait yeyilirsə, bu, ermənilərin xeyrinədir.

Deputat Çingiz Qənizadə isə hesabatın müzakirəsi zamanı bildirib ki, \"Azərenerji\" ASC-dən Baş Prokurorluğa şikayət edəcək. Millət vəkili \"Azərenerji\" ASC-nin \"Azenko\" ilə layihələrin yerinə yetirilməsinə dair bağladığı müqavilələrin müddətinin sonradan uzaldıldığı və ASC tərəfindən əlavə vəsaitin ayrıldığını deyib: "Hesablama Palatasının hesabatında bu məqamlar əks olunub. Biz həkimləri 300 manata görə cinayət məsuliyyətinə cəlb edirik. Bəs \"Azərenerji\" ASC ilə bağlı niyə cinayət işi açılmır? Hesablama Palatasının Baş Prokurorluqla sazişi var. Palatanın sədrini bu məsələlər barədə cinayət işinin açılmasına səy göstərməyə çağırıram\".

Millət vəkili Fazil Mustafa Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsini yüksək dəyərləndirib. SİA-nın xəbərinə görə, F.Mustafa Milli Məclisdə çıxışı zamanı deyib ki, ancaq 3 min nəfərdən çox insanın mülkiyyət hüququ pozulub, kəmər onların torpaq mülkiyyətindən keçdiyi halda onlara kompensasiya verilmir. Hələ də onların şikayət məktubları gəlir.

Deputat vergi probleminin də ciddi xarakter aldığını vurğulayıb. \"Bakıda hara baxsaq, obyektlərin icarəyə verildiyini görürük. Çünki müxtəlif yollarla vergi əməkdaşları tərəfindən incidilirlər. Biz yeni iş yerlərinin açılmasına çalışmalıyıq, bağlanmasına yox. Bu gün bankların böyük hissəsinin ağır durumda olduğunu da dilə gətirib. \"Biz bu kimi məsələlərin diqqət mərkəzində saxlanlmasına çalşmalıyıq\"

Vitse-spiker Bahar Muradova isə millət vəkillərinin hesabata layqed olmadığını bildirib. Onun sözlərinə görə, sadəcə, millət vəkillərinin Hesablama Palatasına böyük inamı var. Deputat Siyavuş Novruzov isə Hesablama Palatasının məqsədinin büdcə vəsaitlərinin bərpasına çalışmaq olduğunu söyləyib.

Millət vəkillərinin çıxışlarına münasibət bildirən Heydər Əsədov deyib ki, qaldırılan məsələlərin əksəriyyəti diqqətdədir. O, həmçinin deputat Çingiz Qənizadəyə cavab olaraq deyib ki, \"Azərenerji\" ASC-nin fəaliyyətində Baş Prokurorluğa müraciət edəcək qədər noqsan yoxdur: \"Məsələni bu qədər şişirtməyə ehtiyac yoxdur. Siz özünüz də hüquqşünassınız və bilirsiniz ki, vəsaitin gecikdirilməsində cinayət tərkibi yoxdur\".

Hesablama Palatasının sədri Heydər Əsədov qeyd olunan məsələlərə münasibət bildirdikdən sonra 2011-ci il üçün hesabat səsverməyə çıxarılıb və qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə