Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, Ziyafət Əsgərov Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratiyanın inkişafına xüsusi önəm verdiyini deyib. Bu, 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasında da xüsusi bölmə kimi təsbit olunub. İki il əvvəl referendumla Konstitusiyaya edilmiş əlavələr və dəyişikliklərlə bələdiyyələrin səlahiyyətləri artırılıb.
Parlamentdə Konstitusiyanın tələblərinə uyğun olaraq yerli özünü idarəetmə orqanlarının fəaliyyətini tənzimləyən müxtəlif qanunlar qəbul olunub. Bu sahədə Avropa Xartiyasının tələblərinin yerinə yetirilməsi istiqamətində də müvafiq addımlar atılır. Bələdiyyələrin müstəqilliyinin təmin olunması ilə yanaşı onların dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqələrinin genişləndirilməsinə imkanlar yaradılıb.
Nümayəndə heyətinin rəhbəri xanım Qudrun Mosle-Mörnström deyib ki, qurumun monitorinq qrupunun üzvləri sonuncu dəfə Azərbaycanda 2003-cü ildə olub və monitorinq aparıblar. Ötən müddət ərzində ölkə xeyli dəyişib. Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin nümayəndələrinin bu dəfəki səfərinin məqsədi Azərbaycanda yerli demokratiyanın, bələdiyyələrin inkişafı ilə maraqlanmaq, Konqresin monitorinq qrupunun verdiyi tövsiyələrin necə yerinə yetirilməsi ilə tanış olmaqdır. Bununla əlaqədar bir sıra hökumət və qeyri-hökumət təşkilatlarında görüşlər keçiriləcək. Səfərin sonunda hesabat hazırlanacaq və monitorinq komitəsində müzakirəyə çıxarılacaq. Hesabat qurumun oktyabrda keçiriləcək sessiyasında qəbul olunacaq.
Sonra görüşdə Azərbaycanda, regionda və dünyada yerli özünüidarəetmə sahəsində hüquqi baza, mövcud problemlər və onların həlli yolları, bu sahədə əməkdaşlıq, təcrübə mübadiləsi və s məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallara aydınlıq gətirilib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB