Ombudsman İsveç Parlamentinin nümayəndələri ilə görüşüb

Ombudsman İsveç Parlamentinin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova İsveç Parlamentinin xanım deputatlarını-Karin Runesonu, Asa Lindestamı, Kerstin Engli və Eva Sonidson ilə görüşüb. SİA-nın xəbərinə görə, müvəkkil qonaqlara Ombudsmanın insan hüquqları sahəsində fəaliyyətinin əsas istiqamətləri, görülən işlər barədə ətraflı məlumat verib.

E.Süleymanova vaxtilə yaratdığı qeyri-hökumət təşkilatının nəzdindəki qadın hüquqları və uşaq hüquqları üzrə resurs mərkəzlərinin hazırda Ombudsmanın resurs mərkəzləri kimi fəaliyyət göstərdiyini vurğulamış və bu qurumların işi barədə məlumat verib. Müvəkkil bu il Azərbaycan Ombudsman təsisatının 10 illiyinin tamam olacağını, bununla bağlı hazırlıq işlərinin görüldüyünü qeyd edib. Cari ildə də 18 iyun – Milli İnsan Hüquqları Günü münasibətilə ombudsmanların növbəti, sayca 10-cu olan Beynəlxalq Bakı konfrasının "Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar" mövzusuna həsr ediləcəyini qeyd edib.

Ombudsman dövlətimizin humanist siyasəti nəticəsində qısa müddət ərzində 9 Amnistiya Aktının qəbul olunduğunu, 51 əfv sərəncamının imzalandığını vurğulayıb. Qeyd edilib ki, fəaliyyət göstərdiyi 10 il ərzində Ombudsmanın vəsatətləri üzrə ümumilikdə 367 məhkum, o cümlədən qadın, yeniyetmə, ahıl, əlil, ağır xəstə olan və b. məhkumlar əfv edilərək azadlığa buraxılıb. Müvəkkil tərəfindən ölkə Parlamentinin deputatları və onların köməkçiləri, polis əməkdaşları, dövlət qurumlarının nümayəndələri üçün insan hüquqları sahəsində maarifləndirici treninqlərin də keçirildiyi qeyd olunub. Qonaqların şikayətlərin qəbulu və baxılması qaydaları, məktəblərdə uşaq hüquqlarının pilləli tədrisi və digər sualları da ətraflı cavablandırılıb.

Görüşdə ölkəmizin İsveçdəki səfiri Rəfail İbrahimov iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə