Sabah BMT Modeli konfransı keçiriləcək

Sabah BMT Modeli konfransı keçiriləcək

6 -7 aprel tarixlərində Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyası (ABMTKTA) və British Council təşkilatının Fəal Vətəndaşlar Proqramı BMT-nin İctimai İnformasiya Departamenti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2 günlük BMT Modeli konfransı təşkil ediləcək.


Qurumdan SİA-ya verilən məlumata görə, "Daha Təhlükəsiz Ətraf Mühit naminə Atom Elektrik Stansiyalarının Azaldılması" mövzusunda konfrans keçiriləcək.


Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyası 2008-ci ildə BMT-nin Azərbaycan nümayəndəliyinin bütün keçmiş və hazırkı təcrübəçilərini birləşdirən təşkilat kimi yaradılıb. Təşkilatın əsas məqsədləri BMT-nin missiyasına dəstək olmaq, BMT və cəmiyyət arasında körpü rolunda çıxış etmək, eləcə də yerli gənclərin BMT-nin Azərbaycan üçün nəzərdə tutulmuş proqramlarında iştirak imkanı ilə təmin etməkdir.


British Council-ın "Fəal Vətəndaşlar" Proqramı bütün dünyada ictimai təşəbbüsləri dəstəkləyən, qeyri-kommersiya xarakterli proqramıdır. Proqram könüllülük və vətəndaş təşəbbüskarlığı vasitəsilə cəmiyyətdə birliyi təbliğ edir.


BMT Modeli gənclərin effektiv danışıqlar aparmaq, qlobalizasiya və diplomatiya sahəsində biliklərini artırmaq məqsədini daşıyan Birləşmiş Millətlər Təşkilatının simulyasiya oyunudur. Standart BMT Modelində tələbələr diplomat qismində çıxış edirlər və BMT-nin simulyasiya sessiyasında iştirak edirlər. Başqa sözlə, tələbələr hər hansı bir ölkə üzrə tədqiqat aparırlar, diplomat rolunda çıxış edirlər, beynəlxalq məsələləri araşdırırlar, müzakirələr aparırlar, və sonda yekun qətnamə qəbul edərkən qlobal problemlərə həll tapmağa çalışırlar.


Bu dəfə Bakı, Sumqayıt, İsmayıllı, Gədəbəy və Azərbaycanın digər şəhər və regionlarından olan 25 Azərbaycanlı gənc BMT Təhlükəsizlik Şurasının simulyasiyasında iştirak edəcəklər. Konfrans zamanı tələbələr ABŞ, Britaniya Krallığı, Fransa, Çin, Rusiya, Azərbaycan, Hindistan, Cənubi Afrika, Kolumbiya, Mərakeş, Toqo, Almaniya, Pakistan, Qvatemala və Portuqaliya kimi ölkələri təmsil edəcəklər.

Qeyd edək ki, bütün tələbələr öncə BMT Modeli təlimlərini keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə