Əflatun Amaşov: \"Azərbaycanda heç bir qurum ölkədə nə qədər jurnalistin fəaliyyət göstərməsi barədə məlumatlı deyil\"

Əflatun Amaşov: \"Azərbaycanda heç bir qurum ölkədə nə qədər jurnalistin fəaliyyət göstərməsi barədə məlumatlı deyil\"

"Türkiyədə jurnalistlərə verilən kartlara əsasən onlar müvafiq yerlərə gedir, nəqliyyatdan istifadə üçün ildə bir neçə dəfə güzəştlər əldə edirlər. Amma çox təəssüf ki, Azərbaycanda bu sahədə hələ də mövcud problemlər var". SİA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda heç bir qurum ölkədə nə qədər jurnalistin fəaliyyət göstərməsi barədə məlumatlı deyil. Onun sözlərinə görə, bunun kökü redaksiyalara gedir.


"Redaksiyalarda jurnalistlərlə əmək məcəlləsinə uyğun müqavilələr bağlanmır. Bəzi redaksiyalarda müqavilələr tələblərə cavab vermir, sayı kifayət qədər çox olan redaksiyalarda isə jurnalistlərlə ümumiyyətlə müqavilələr bağlanmır. Bunun nəticəsində hələlik nə Mətbuat Şurası, nə də digər qurumlar üçün Azərbaycanda nə qədər jurnalistin olması, hansı jurnalistlər üçün güzəştlərin tətbiq olunması problem olaraq qalır", - deyə o əlavə edib.


Mətbuat Şurasının verdiyi kartların buna necə təsir etməsinə də münasibət bildirən Ə.Amaşov qeyd edib ki, bu kartlar 2 vəzifəni icra edir: "Birincisi bizim üçün önəmlidir ki, Mətbuat Şurasının üzvü olan kütləvi informasiya vasitələrinin əməkdaşlarının sayı nə qədərdir. Eyni zamanda, həmin əməkdaşlar Əmək Məcəlləsində nəzərdə tutulan məsələlərlə bağlı nə dərəcədə imtiyazlara malikdir. Mətbuat Şurasının kartları ancaq müqavilə əsasında redaksiyalarda işləyən jurnalistlərə verilir. Mətbuat Şurası il ərzində 150-200 jurnalistə belə kartlar verir ki, bu da ölkədə mövcud olan jurnalistlərin cuzi bir hissəsidir".


Ə.Amaşov vurğulayıb ki, jurnalistlər üçün müəyyən güzəştlərin edilməsi ilə bağlı məsələlər daima müzakirə olunur. Amma hələ ki bir nəticə olmadığından hansısa informasiya vermək tezdir. Hər hansı bir nəticənin olmamasının səbəbi isə Azərbaycanda əhalinin heç bir qrupuna nəqliyyatdan istifadə etmək üçün güzəştlərin olmamasıdır. Əgər belə güzəştlər əhalinin digər təbəqələrinə tətbiq olunsa, jurnalistlər də bundan bəhrələnəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə