\"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytına nəzər salsaq, görərik ki, biz heç də uzunömürlülər siyahısında deyilik\". SİA xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu gün keçirdiyi mətbuat konfransı zamanı deyib.
Təşkilat sədri bildirib ki, uzun illər Azərbaycan vətəndaşlarının orqanizmində yod çatışmazlığı olub, bu da insanların əqli inkişafına, iş qabiliyyətinin, immunitetinin zəifliyinə, ölü körpələrin dünyaya gəlməsinə, ana ölümünə və bu kimi mənfi hallara səbəb olub. O bildirib ki, illər boyu aparılan çoxsaylı tədbirlərə baxmayaraq bu gün də Qaradağ duz gölündən və onun yuxarı hissəsində yerləşən Buta duz gölündən hər gün təqribən 10 ton duz toplanıb, dövlət orqanlarının, bələdiyyələrin gözü qarşısında respublikanın hər yerinə daşınır.
E. Hüseynov vurğulayıb ki, təmizlənməyən və yodlaşdırılımayan bu təhlükəli duzlar əsasən çörəkbişirmə, konservləşdirmə, süd məhsulları istehsalı sənayesində istifadə olunur. Təşkilat sədri həmçinin bildirib ki, bu kimi hallarla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciətlər olunmağına baxmayaraq yenə də təhlükə mənbəyi olan belə mövcud vəziyyət davam edir. O vurğulayıb ki, bunla bağlı 2001-ci ildə qəbul edilən qanunun 8,3 maddəsinə zidd olaraq xarici ölkələrdən də Azərbaycana duz idxal olunur.
Acınacaqlı vəziyyətin təkcə duzlarda deyil, qənd sahəsində də davam etdiyini deyən E. Hüseynov qeyd edib ki, onlarda olan məlumata əsasən qənd sexlərində qəndi ağartmaq üçün insan həyatına təhlükəli sayılan Sodium Hydrogen Sulphide-dən geniş istifadə olunur. Lakin, buna baxmayaraq malın etiketində bu barədə məlumat əks olunmur. Təşkilat sədrinin sözlərinə görə, sözügedən maddə görmənin zəifləməsinə, üst tənəffüs yolu xəstəliklərinin və xərçəngin yaranmasına səbəb olur.
E. Hüseynov eyni zamanda qeyd edib ki, Azad İstehlakçılar Birliyinin (AİB) qaldırdığı məsələlər əsasında çörək sexlərində yoxlamar aparılsa da, qənd istehsalındakı acınacaqlı vəziyyət davam edir.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB