Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyətləri ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun idarə və təşkilatlarının rəhbərləri, ölkə KİV-inin kapitanları iştirak edib.
Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov belə tədbirlərin keçirilməsinin mətbuatla icra strukturları arasında daha sivil münasibətlərin formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını deyib. O, rəhbərlik etdiyi rayonun bütün qurumlarının mətbuat orqanları üçün açıq olduğunu bildirib. İcra başçısının sözlərinə görə, belə bir konfransın keçirilməsi ictimaiyyətin Qaradağ rayonundakı genişmiqyaslı abadlıq, quruculuq işləri barədə daha obyektiv məlumat almasına da şərait yaradır. Daha sonra icra başçısı rayonda görülən işlər, aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib: "Hazırda Qaradağ rayonunda böyük gəmiqayırma zavodu və beynəlxalq gəmi limanı tikilir. Bir neçə qəsəbədə məktəblər, bağçalar inşa olunur. Rayonun Göygöz qəsəbəsinə 9 ildən sonra su verilib. Bir sözlə, rayonda bu vaxta kimi görülən işlərlə yanaşı hələ də bir çox görüləcək işlər var. 2013-cü ilədək isə bütün bu işlərin başa çatdırılması nəzərdə tutulur".
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə 3 illik tarixə malik olan qurumun bir çox layihələr həyata keçirdiyini deyib. O bildirib ki, bu layihələr arasında ən mühüm əhəmiyyət kəsb edəni isə mətbuat orqanları ilə yerli icra strukturları arasında dialoqların qurulmasıdır: "2009-cu ildə prezident İlham Əliyevin fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ölkə mətbuatının inkişafına və maliyyə problemlərinin həllinə mühüm töhfələr verib. Fondun maliyyə yardımları ölkə mətbuatının inkişafında və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır".
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə ölkə mətbuatının bugünki vəziyyəti və mövcud problemləri barədə ətraflı məlumat verib: "Bu gün Azərbaycanda 5000-ə yaxın qəzet və jurnal Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Hazırda ölkədə 350-ə yaxın qəzet, 100-ə yaxın jurnal, 10 yerli, 15 regional televiziya, 10 radio, qalanları isə internet portalları kimi fəaliyyət göstərir. Qəzetlərin 15-i gündəlik olaraq çap olunur. Hər kəs öz işi, fəaliyyəti barədə istədiyi mətbuat orqanında məlumat dərc edə bilər. Bundan əlavə, istənilən şəxsin Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək qəzet açmaq imkanı var. Bir sözlə, bu gün Azərbaycan söz və mətbuat azadlığı var və jurnalistikanın liberal hüquqi bazası mövcuddur".
Mətbuat Şurasının Reket jurnalistika ilə mübarizə komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bu gün jurnalistlər arasında bəd əməllərlə məşğul olan insanların olduğunu da deyib. O vurğulayıb ki, belə insanlar daima Mətbuat Şurası tərəfindən nəzarətdədir və jurnalistikaya xələl gətirən belə jurnalistlərlə bağlı lazımi qərarlar qəbul olunur: "Mətbuat Şurasının qara siyahısında 90-a yaxın qəzetlərin adı var. Cəmiyyətin bütün üzvləri bu insanlara qarşı birgə mübarizə aparmalıdır".
Tədbir dialoq və diskusiya şəklində davam edib. KİV orqanlarının rəhbərləri rayon ictimaiyyətini maraqlandıran sualları cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB