“Azəriqaz” xəbərdarlıq etdi

“Azəriqaz” xəbərdarlıq etdi

"Azəriqaz" İstehsalat Birliyi bina sahibləri və təmir-tikinti müəssisələrinin rəhbərlərini "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın tələblərinə ciddi riayət etməyə çağırır. "Azəriqaz"dan SİA-ya verilən xəbərə görə, son illər ölkədə yeni yaşayış və iaşə obyektləri tikilir, köhnə yaşayış məntəqələrində abadlıq-quruculuq işləri aparılır.

Köhnə binalarda aparılan yenidənqurma və təmir-bərpa işləri zamanı dam örtüklərinin konstruktiv elementlərinin tikintisində kobud səhvlərə yol verilir. Bəzən binalarda mövcud olan tüstü bacaları və havadəyişmə boruları tutulur və ya yeni qurulmuş dam örtüyünün altında normal atmosfer havasından təcrid olunmuş vəziyyətdə saxlanılır, bəzi hallarda isə normativ-texniki tələblərə riayət olunmadan dam örtüklərindən bayıra çıxarılır.

İstehsalat Birliyinin əməkdaşları vaxtaşırı qaz xətlərinə, onlar üzərindəki avadanlıqlara, tüstü bacalarına və havalandırma sistemlərinə texniki baxışlar keçirsə də, bəzi istehlakçıların təhlükəsizlik qaydalarına düzgün riayət etməməsi arzuolunmaz hadisələrə səbəb olur.

Birlik məsləhət görür ki, tüstü bacaları damın yalından 1,5 metrdən artıq olmayan məsafədə 0,5 metr hündürlükdə, 1,5 metr məsafədən 3 metrə qədər məsafədə eyni səviyyədə quraşdırılsın, 3 metrdən artıq məsafədə isə hündürlük 10 dərəcəli bucaq altında çəkilən xətdən alçaq olmasın.

Bütün xəbərlər Facebook səhifəmizdə