Kristian Vigenin: “Avronest Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa qərar qəbul edə biləcək bir qurum deyil”
Bu gün Azərbaycan və Ermənistan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsi regiondakı ən təhlükəli məsələlərdən biridir. SİA-nın xəbərinə görə, bunu Avronest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigenin deyib. O bildirib ki, 20 ildir öz həllini tapmayan münaqişə tez bir zamanda həll olunmalıdır: "Bu 20 illik tarixdə sadəcə münaqişənin həllini gözləsəydiniz, gələnləri heyrətə salacaq qədər inkişaf etməzdiniz. Bunlar paralel gedən proseslərdir. Azərbaycan həm münaqişənin həlli üçün çalışır, həm də sürətlə inkişaf edir. Bununla bağlı Avropa İttifaqı ilə Azərbaycan tərəfinin üzərinə götürdüyü müəyyən öhdəliklər var".
K.Vigenin qeyd edib ki, münaqişənin tez bir zamanda həll olunmasının Azərbaycan üçün əhəmiyyəti böyükdür: " Bununla bağlı hesabat hazırlanacaq. Amma Avronest elə bir format deyil ki, bu məsələni həll edə bilsin. Biz ümumi müzakirə edə və ya fikrimizi bildirə bilərik. Qəbul etdiyimiz qərar onsuz da konflikti həll etməyəcək. Minsk qrupu məsələnin həlli ilə bağlı əsas formatdır. Avropa parlamenti bir neçə dəfə məsələni müzakirə edib. Amma belə bir şərait yaratmaq lazımdır ki, orada məsələ öz həllini tapa bilsin. Məsuliyyətimizə müvafiq olaraq hərəkət edirik. Avronest Parlament Assambleyası 11 aydır ki, yaradılıb. Hər halda gələcəkdə Avronestə üzv ölkələr separatizm məsələsini müzakirə etmiş olacaq".
Avronest PA-nın digər həmsədri Boris Tarasyuk isə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməli olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan Ukrayna üçün hər zaman dost ölkə və strateji tərəfdaş olacaq. Bu baxımdan da Azərbaycanla bağlı münaqişənin tez bir zamanda həll olunması çox vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB