Hafiz Səfixanov: “Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı mina qurbanlarının sayından iki dəfə çoxdur ”- MÜSAHİBƏ (SƏS TV)
4 aprel Beynəlxalq Mina Təhlükəsi Barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur. Bu gün bizə 80-ə yaxın ölkədə milyonlarla insanın hələ də yerüstü mina və partlayıcı müharibə qalıqlarının qorxusu altında yaşamasını xatırladır. Hər il bu qurğular daha 15000 nəfəri öz qurbanına çevirməkdə davam edir. Piyadalar əleyhinə minaların qadağan olunması sazişi imzalanmaq üçün 10 il əvvəl təqdim edildikdən bəri 153 ölkə onu ratifikasiya edərək sazişə qoşulub. 40 milyona yaxın piyada əleyhinə mina ehtiyatı məhv edilib.
Bununla bağlı "Minalar əleyhinə Azərbaycan kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov SƏS TV-yə müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.
- Azərbaycanda bu günə qədər minalardan neçə nəfər zərər çəkib?
- Bu gün Beynəlxalq mina təhlükəsi barədə maarifləndirmə və minalardan təmizləmə fəaliyyətinə yardım günüdür. Bununla bağlı BMT-nin baş katibi xüsusi bəyannamə ilə çıxış edib. Builki kampaniya isə "Sən də öz ayağını ver!" devizi altında keçirilir. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə olan ictimai - siyasi, din xadimləri və başqaları iştirak edirlər. Onlar sadə hərəkətləri ilə mina qurbanlarına öz həmrəyliklərini nümayiş etdirirlər. Təəssüflər olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmır. Burada da piyadalar əleyhinə minalarla, müharibə sursatlarının partlamamış qalıqları ilə bağlı problem böyükdür. Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazda olan mina qurbanlarının sayından iki dəfə çoxdur. Mina elə silah növüdür ki, qoyulduğu yerdən asılı olmayaraq heç bir atəşkəsə və müqaviləyə baxmır. Hər mina öz qurbanını gözləyir. Onlar öz qurbanlarını əvvəlcədən seçmirlər. Bizim təşkilat 2003-cü ildən bəri mina qurbanları ilə bağlı təbliğat işləri aparır. Təhqiqatlarımız nəticəsində aydın olub ki, Azərbaycanın elə bir regionu yoxdur ki, orada mina qurbanlarına rast gəlinməsin. Bu da təbii ki, sırf Qarabağ məsələsi ilə bağlıdır. Buna görə də bu, Azərbaycan qarşısında duran ciddi bir məsələdir. Bunu həll etmək üçün də ulu öndər Heydər Əliyev 1998-ci ildə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yaratdı və o gündən Azərbaycan ərazisində mövcud olan minaların təmizlənməsi işini həyata keçirir.
- Agentlik ilə əlaqələriniz necədir və təmsil etdiyin qurum bu işlə bağlı hansı tədbirlər həyata keçirir?
- Adıçəkilən agentliklə əlaqələrimiz çox sıxdır. Onu da xüsusi qeyd edim ki, qurumumuz milli agentlik, dövlət təşkilatı olaraq öz xətti ilə apardığı fəaliyyətin nəticəsidir ki, artıq beynəlxalq seminarlarda bizim iştirakımızı görən ermənilər oraya gəlmir. Bu da bizim, hər iki təşkilatın apardığı uğurlu işin nəticəsidir. İstər ölkə daxilində, istərsə də xaricdə işimizi çox səmərəli şəkildə qurmuşuq.
- Bölgələrdəki maarifləndirmə işləri nəticə verirmi?
- Təbii ki, var. Misal olaraq əvvəlki illərlə müqayisə etsək, hazırda son iki ildə mina qurbanlarının sayı azalıb. Hətta yarıbayarı azalıb. Təşkilatımızın əsas məqsədi odur ki, Azərbaycanda bundan sonra yeni mina qurbanları qeydə alınmasın. Buna görə də həm mina təmizlənməsi əməliyyatları sürətləndirilməli, həm də əhali arasında maarifləndirmə işləri ardıcıl şəkildə aparılmalıdır.
- Minadan zərər çəkən insanların müalicəsi, reablitasiyası dövlət tərəfindən təmin olunurmu?
Azərbaycanda mövcud qanunvericiliyə əsasən bu kimi insanların müalicəsi dövlət vəsaiti hesabına həyata keçirilir. Bizim təşkilatla yanaşı digər qurumlarda mina qurbanları ilə bağlı layihələr həyata keçirir. Onlara öz kiçik bizneslərini yaratmaları üçün maliyyə vəsaitləri ayrılır. Bu layihə qurumumuz tərəfindən hazırda iki rayonda aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB