Sabirabadın Minbaşı kənd sakinləri etiraz aksiyası keçiriblər - FOTO

Sabirabadın Minbaşı kənd sakinləri etiraz aksiyası keçiriblər - FOTO

Sabirabadın Minbaşı kəndində sakinlər etiraz aksiyası keçiriblər. SİA-nın Aran bürosunun Minbaşı kəndində olan müxbirinin verdiyi məlumata görə, sakinlər ərazidən keçən avtomobil yolunu bağlayıblar.

Sakinlər onlara 2010-cu ildə Kür daşqınları zamanı dəymiş ziyana görə dövlət tərəfindən kompensasiyaların verilməsində karrupsiyaya yol verilməsindən və uçmuş evlərinin tikilməməsindən narazılıq edirlər.

Sakinlər dövlət başçısına müraciət edərək bildiriblər ki, ayrılan pullar olduğu kimi onlara verilmir: "Minbaşı kənd icra nümayəndəsi Bəylər İsgəndərov və müavini Qədir Əliyev, eyni zamanda bələdiyyə sədri Urfulla Qocayev pulu gündüzlər deyil axşamlar gətirib verirlər. 1000 manat pul almaq üçün sənədə imza atdırırlar 200 manat verib 800 manatını ciblərinə qoyurlar. Bundan əlavə həmin məmurlar onlara yaxın şəxslər üçün ev tikintisinə şərait yaradırlar".


Minbaşı kənd icra nümayəndəsi Bəylər İsgəndərov isə mətbuata açıqlamasında bildirib ki, aksiyada iştirak edənlər evləri normal vəziyyətdə olan sakinlərdir və onlar vəsait almadıqları üçün narazılıq edirlər: "Həmin insanlar yenidən komissiyanın onların evlərinə baxmasını, əlavə olaraq prezidentin ayırdığı 50 milyon vəsaitdən onlara da verilməsini istəyirlər. Avqust ayında dövlət komissiyası 215 evə baxıb, 51 evə təmir və bərpa rəyi verilib. Qalanlarının isə normal vəziyyətdə olduğu açıqlanıb".


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə