Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 20 illiyi münasibətilə birgə bəyanat qəbul olunub
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin təkbətək görüşünun sonunda iki ölkə arasında diplomatik münasibətlərin 20 illiyi münasibətilə birgə bəyanat qəbul olunub. Jurnalistlər üçün keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, 20 il ərzində Azərbaycanla Rusiya arasında 165 saziş imzalanıb ki, bunlardan 80-i dövlətlərarası və hökumətlərarası sazişlərdir. Nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı göstərdiyi təşəbbüslərə görə Rusiya prezidenti Dmitri Medvedyevə təşəkkürünü bildirib: "Hələlik təəssüf ki, buna nail olmasaq da, ümidvaram ki, problemi nizamlamağa və status-kvo nöqtəsindən tərpətməyə nail olacağıq". Görüşdə Xəzərin hüquq statusu ilə bağlı məsələlər, ticarətin inkişafı, federal mərkəzlərlə əlaqələrin inkişafı, humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Sergey Lavrovun sözlərinə görə, Rusiya Azərbaycanla tərəfdaşlığın inkişafını davam etdirməyə hazırdır. Lavrov bu gün Rusiyanın 70 regionunun Azərbaycanla əməkdaşlıq etdiyini qeyd edib: "İnsanlar arasında ənənəvi humanitar və mədəni əlaqələr dialoqu inkişaf etdirmək üçün yaxşı bazadır". Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan Sergey Lavrov bildirib ki, Rusiya iki qonşu dövlətin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmasında və bu yaranın tezliklə qaysaq bağlamasında maraqlıdır: "Bu qərar bütün tərəflər üçün qəbul edilən olmalıdır. Rusiya münaqişənin nizamlanmasında vasitəçilik missiyasını davam etdirir". Nazirlər həmçinin 1992-2012-ci illərdə Azərbaycanla Rusiya arasında imzalanmış sənədlər toplusunu təqdim ediblər. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey ölkəmizə iki günlük səfəri sabah sabah başa çatacaq.
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB