Soydaşlarımızdan “erməni soyqırımı” abidəsi istəyinə sərt reaksiya

Soydaşlarımızdan “erməni soyqırımı” abidəsi istəyinə sərt reaksiya

"Gürcüstanda yaşayan azərbaycanlıların təmsilçisi kimi Qeyrət Xalq Hərəkatı hələ beş il əvvəl də ölkə parlamentinə müraciət edərək ermənilərin Xocalıda törətdikləri soyqırıma qiymət verilməsini tələb edib. Bu gün də mövcud istiqamətdəki səylərimizi davam etdirməkdəyik. Azərbaycan həqiqətlərinin gürcü ictimaiyyətinə çatdırılmasını vacib sayırıq". SİA 168.az-a saytına istinadən xəbər verir ki, bunu açıqlamasında Gürcüstanda fəaliyyət göstərən Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgərov Gürcüstan Erməniləri İcmasının Tbilisi munsipalitetinə və Şəhər Şurasına paytaxtın mərkəzində qondarma "erməni soyqırımı" qurbanlarının şərəfinə abidə ucaltmaqla bağlı müraciətinə münasibət bildirərkən deyib.


Ə.Əsgərov bildirib ki, ermənilərin sözügedən müraciətdə say tərkibi məsələsinə toxunmaları və bu yolla guya özlərinin hansısa haqqlara malikliklərini göstərmək istəmələri onların hər zamankı spekulyativ hərəkətlərinin tərkib hissəsidir. "Düşünmürəm ki, hansısa nəticə əldə edə bilərlər. Çünki biz - Gürcüstan azərbaycanlıları həm sayca çoxuq, həm də ölkənin ictimai həyatında kifayət qədər aktiv təmsil olunuruq. Gürcülər nəyəsə qiymət vermək istəsələr, keçmişdə baş verdiyi iddia edilən və əslində uydurulana deyil, bölgənin yaxın tarixində törədilmiş amansız cinayətə münasibət bildirərlər", - deyə o vurğulayıb.


Məsələ ilə bağlı ikinci həmsöhbətimiz Gürcüstandakı Borçalı İş Adamları Birliyinin sədri İsrafil Bayramov da ermənilərin Tbilisidə qondarma "erməni soyqırımı" ilə bağlı abidə ucaltmaq istəmələrinin cəfəng mahiyyət daşıdığını önə çəkib. O bildirib ki, Gürcüstan hakimiyyət dairələrinin buna getmələri mümkünsüzdür. "Əgər mövcud istiqamətdə hər hansı arzuolunmaz meyl nəzərə çarpsa, ölkədə yaşayan azərbaycanlılar buna qarşı sərt reaksiyalarını bildirəcəklər" - deyən İ.Məmmədov hesab edir ki, "erməni soyqırımı"nın qondarma mahiyyəti və siyasi məqsəd daşıdığı gürcülərə yaxşı məlumdur.


Təşkilat rəhbərinin sözlərinə görə, Gürcüstandakı ermənilərin böyük əksəriyyəti də soyqırım məsələsini nağıl sayır: "Onların əksəriyyəti hətta ata-babalarının da bu nağılı eşitmədiklərini bildirirlər. Düşünürəm ki, məsələnin qaldırılmasında siyasi məqsəd var. Çox güman, bu, Cavaxetiyadakı ermənilərdən və onların arxalarında duranlardan qaynaqlanır. Gürcüstan hakimiyyətinə qarşı təzyiq metodlarından biri kimi Tbilisidəki soydaşlarını da oyuna qatırlar. İkincilər isə yerlərdəki seçkilərdə özlərinin potensial elektorat olduqlarını düşünərək hazırda vəzifə tutanların onları əllərində saxlamaq istəyəcəklərinə ümid bəsləyirlər. Hər bir halda gürcü hakimiyyət orqanları məsələyə münasibətdə həssasdır və ermənilərin istəklərini yerinə yetirməyəcək".


İ.Bayramov həmçinin bildirib ki, ermənilərin sözügedən müraciətdə özlərini guya Tbilisidə say baxımından çoxluğa malik etnik azlıq kimi göstərmələri də düzgün deyil. Onun sözlərinə, Gürcüstan azərbaycanlılarının ümumi sayı rəsmi rəqəmlərdə 200 min göstərilir. Qeyri-rəsmi isə soydaşlarımızın sayı 500 mindir. Ermənilərdə isə say tərkibi ilə bağlı statistikada reallıq var. Nəzərə alsaq ki, 200 minlə 500 min arasında fərq böyükdür. Bu fərq Gürcüstan paytaxtı ilə bağlı da rəqəmlərdə özünü mütləq göstərir. Müsahibimiz Tbilisinin özündə də azərbaycanlıların ermənilərdən yetərincə say üstünlüyünə malik olduqlarını vurğulayıb.


Qeyd edək ki, bir sıra erməni saytları Gürcüstan Erməniləri İcması adlanan təşkilatın Tbilisi şəhərinin daxil olduğu munsipalitetə və Şəhər Şurasına müraciət edərək paytaxtın mərkəzində "erməni soyqırımı" qurbanlarının şərəfinə abidə ucaltmağı xahiş etdiklərinə dair məlumat yayıblar. "İndiyədək çoxsaylı müraciətlərimiz nəzərə alınmayıb, 1915-1923-cü illərdə baş verən soyqırımla bağlı xatirə abidəmiz ucaldılmayıb".


Qeyd edək ki, müraciətə imza atanlar içərisində sözügedən icma ilə yanaşı, bir neçə erməni gənclər təşkilatının və məktəbli birliklərinin üzvləri var.


Onu da deyək ki, Gürcüstan Erməniləri İcması əvvəllər də analoji müraciətlə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə