Qusar və Lənkəran şəhərlərində Debat təlimləri təşkil olunub

Qusar və Lənkəran şəhərlərində Debat təlimləri təşkil olunub

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi "Respublika Gənclər Debat Forumu-Yaz 2012" çərçivəsində həyata keçirilən silsilə tədbirlər davam edir.

Qurumdan SİA-ya verilən məlumat görə, 31 mart -2 aprel 2012-ci il tarixlərində"Respublika Gənclər Debat Forumu-Yaz 2012" çərçivəsində Qusar və Lənkəran şəhərlərində Debat təlimləri keçirilib.

Qusar şəhərində Qusar şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə Qusar Gənclər Evində "Şimal-Şərq Regional Debat Təlimi" təşkil olunub. Təlimdə Quba, Qusar, Siyəzən, Xaçmaz, Şabran rayonlarını təmsil edən 50 gənc iştirak edib. Təlimi uğurla bitirən gənclər "Şimal-Şərq Regional Gənclər Debat Forumu"-da iştirak hüququ əldə edib.

Lənkəran şəhərində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü və Lənkəran Gənclər Evinin nəzdində fəaliyyət göstərən Lənkəran Debat Mərkəzinin təşkilatçılığı ilə "Lənkəran Debat Təlim"-i keçirilib. Təlimdə Lənkəran Dövlət Universitetində təhsil alan 100 gənc iştirak edib.

Keçirilən təlimlər nəticəsində gənclərə debat metodologiyası, arqumentləşdirmə və inandırma, natiqlik sənəti, tənqidi təfəkkür, kreativ təfəkkür, şəbəkələşmə, sosial aktivlik və digər bilik, bacarıq və dəyələr aşılanıb.


"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi gənclərin maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə "Respublika Gənclər Debat Forumu-Yaz 2012" layihəsinə start verdi. Qeyd edək ki, layihə çərçivəsində 2012-ci ilin fevral-may aylarını əhatə edən, gənclər üçün silsilə təlim və debat yarışlarının keçirilməsi planlaşdırılır. Layihədə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, İsmayıllı, Qusar, Şəki şəhərləri və onların əhatə etdiyi 35 rayondan 2000-ə yaxın gəncin iştirakı gözlənilir. Forum "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"-na əsasən "Regionların sosial-iqtisadi inkişafında gənclərin iştirakı özünü doğruldur" mövzusunda həyata keçirilir.


Məlumat üçün qeyd edək ki, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi 1998-ci ildən fəaliyyət göstərərək özündə ölkənin 30-dan artıq regionlarında yerləşən 60 orta məktəbi və 31 ali məktəbi birləşdirir. Təşkilatın missiyası xidmətlərin göstərilməsi və gənclərin təşəbbüslərininin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsidir


Qeyd edək ki, təşkilat fəaliyyəti dövründə 18 000 gəncin iştirakı ilə 70-dən artıq debat yarışları, 350-dən artıq təlim, seminar və 24 yay məktəbi təşkil edib.


Bütün xəbərlər Facebook səhifəmizdə