1948-ci il dekabrın 10-u BMT Ümumdünya İnsan Hüquqları Bəyənnaməsini qəbul və elan etdi. Bəyənnaməni tərtib edənlərin son dərəcə gözüaçıqlığı və israrı ilk dəfə hamı və hər bir kəs üçün insan hüquqlarını müəyyən edən sənədin hazırlanmasına imkan verdi. Hal-hazırda 360-dan çox dildə mövcud olan Bəyənnamə, dünyada ən çox tərcümə olunmuş sənəddir.
Bu Bəyənnaməyə əsasən hər kəsin heç bir fərq qoyulmadan, o cümlədən irqindən, dilindən, dinindən, rəngindən, cinsindən, siyasi və digər əqidəsindən, milli və ya sosial mənsubiyyətindən aslı olmayaraq yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq hüququ var. Həmçinin heç kəs işgəncəyə və ya qəddar, qeyri-insani yaxud insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır.
Tarix boyu düşmənimiz olan bədnam ermənilər nəinki bu bəyənnamədən irəli gələn, hətta daha sonrakı beynəlxalq sənədlərdə əksini tapmış hüqüqları xalqımıza qarşı dəfələrlə pozmuşdur. Bunun bariz nümunəsi kimi 1918-ci ildə 31 Mart hadisələrini göstərmək olar.
1917-ci ilin oktyabrında baş vermiş Bolşevik çevrilişi nəticəsində yaranmış şəraitdən istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulur. Yaranmış siyasi boşluqdan bəhrələnən ermənililər illərdən bəri saxladığı gizli niyyəti - "Böyük Ermənistan" planını həyata keçirmək uğrunda silahlı mübarizəyə başlayır, başda Bakı və Qarabağ olmaqla Azərbaycanın müxtəlif yerlərində qətliamlara girişərək mümkün qədər çox ərazi işğal etməyə çalışırdılar. Eyni zamanda ermənilər öz niyyətlərinə çatmaq üçün Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Hacıqabul, Salyan, Naxçıvan və digər bölgələrdə də qətliamlar törədirdilər.
Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvar ayında cəhd edilmişdir. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərsələr də, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Lakin onlar bu məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şaiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Vəziyyət getdikcə qızışdıqda isə 6 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirildi. Eyni zamanda "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik rus ordusunun da 70%-i ermənilərdən ibarət idi. Hazırlanmış plana əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçdi. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidildi. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdır. N.Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər". 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər. Mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı Bakıda 17 mindən çox (bəzi sənədlərdə 20 min) günahsız azərbaycanlı qanına qəltan edildi.Bakıyla yanaşı qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilmişdir.
Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı (onlardan 2560-ı qadın, 1277-si uşaq idi) qətlə yetirilmişdir. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdur. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdür. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törədilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
"Mart hadisələri" əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda bunu etiraf etmişdi: "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütyunun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".
Rusiya Çarlığı ilə yanaşı Almaniyanın da Azərbaycan, xüsusən Bakı üçün planları var idi. I Dünya müharibəsi başlayanda Almaniya imperiyasının ən mühim hərbi hədəflərindən biri qərb cəbhəsində Fransanı işğal edərək müharibədən kənarlaşdırmaq, digəri isə şərq cəbhəsində rusları məğlub etmək idi. Almaniya Rusiya çarlığına qarşı bir tərəfdən cəbhədə döyüşərkən, digər tərəfdən Rusiya çarlığının himayəsində olan Qafqaz xalqlarını üsyana təşviq edirdi. Əgər Qafqaz xalqları üsyan edərdisə, həm Rusiya çarlığının süqutu sürətlənər, həm də Qafqazdakı yeraltı sərvətlər və neft ehtiyatları alman sənayesini ehtiyacı olan xammalla təmin etməkdə əhəmiyyətli olardı. Xüsusilə, Bakı nefti, müharibə uzandıqca Almaniyanın daha çox ehtiyac hiss etdiyi yanacağın əhəmiyyətli bir hissəsini təmin edərdi.
Əlbəttə, bütün bu olanlara Osmanlı İmperiyası susa bilməzdi. Susmadı da. Osmanlı İmperiyası Bakıya köməyə hazırlaşırdı. Osmanlının Bakını düşmənlərdən azad etmək planında qeyd olunurdu ki, şərq cəbhəsi hərbi dəstəsi 1918-ci il iyunun 30-dan 31-nə keçən gecəni Qabu kəndində keçirəcək və sabah tezdən Bakının şimal-şərq yamaclarında olacaqdır.
31.07.1918-ci il səhər tezdən 03.30-da Heybət stansiyasının iki kilometrə qədər şimal-qərbindəki dəniz səviyyəsindən 905 metr yüksəklik Türk qoşunları tərəfindən tutuldu. Lakin, düşmən gətirdiyi 1000 nəfərlik qüvvə ilə həmin yüksəkliyi yenidən işğal etdi. Ancaq, bu təpə çox mühim olduğuna görə Şimal qrupuna əmr verilmiş və lazımı tədbirlər görülərək hücuma başlanmışdır. Düşmənin güclü quru və gəmi toplarının atəşinə baxmayaraq təpə yenidən qəhrəman qoşunlarımız tərəfindən geri qaytarıldı.
Bakısız Azərbaycan başsiz bədən idi. Odur ki, Azərbaycan Cümhuriyyətini və istiqlaliyyətini Bakı tamamlayacaqdı. Lakin, Bakının alınması gecikirdi.1918-ci il sentyabrın 14-də Qafqaz İslam Ordusu Bakıya qəti hücum keçməsi haqqında əmr verdi. Bakı Osmanlı qüvvələri və silahları ilə 36 saatlıq çətin döyüşdən sonra tutulmuş və ələ keçrilmişdir. Noyabrın 17-si Osmanlı hərbi birləşmələri Bakını boşaltmış və dərin hüznlə Bakıdan uzaqlaşmışdılar.
Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur. Milli Məclis bu məsələ ilə əlaqədar xüsusi bəyanat qəbul edərək, BMT-dən, Parlamentlərarası İttifaqdan, ATƏT-dən, Avropa Şurasından, MDB və digər beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX-XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı və dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdi.Ötən dövrdə bu istiqamətdə irəlləyişlər olsa da, təəssüf ki, bəzi Avropa ölkələrinin parlamentləri bizim günlərimizdə azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinə göz yumduqları halda, XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində törədildiyi iddia edilən uydurma "erməni soyqırımı"nı tanıyaraq, ermənipərəst qərəzli mövqe tutduqlarını nümayiş etdirmişlər.
Tarix unutqanlığı bağışlamır, cinayətin cəzasız qalması yeni cinayətin cəzasız qalması yeni cinayətlərə rəvac verir.
Murad Fərahım oğlu Məmmədov
Qafqaz Universiteti, Hüquq fakultəsi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB