Azərbaycanın Meksikadakı səfiri Kolumbiyaya işgüzar səfər edib - FOTOSESSİYA

Azərbaycanın Meksikadakı səfiri Kolumbiyaya işgüzar səfər edib - FOTOSESSİYA

Azərbaycan Respublikasının Meksikada və eyni zamanda Kolumbiyadakı səfiri İlqar Muxtarov Kolumbiyada işgüzar səfərdə olub. Səfirlikdən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində geniş spektrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə səfir İ.Muxtarov Kolumbiya Xarici İşlər Nazirliyinin rəhbərliyi, Mədəniyyət və Turizm, Ticarət, İnformasiya Texnologiyaları nazirləri, habelə Senat və Nümayəndələr Palatasının üzvləri, Kolumbiya hökumətinin enerji, infrastruktur və təhsil sahələri, həmçinin ölkənin özəl sektorunu təmsil edən qurumların rəhbərliyi ilə görüşlər keçirib.

Keçirilən ikitərəfli və çoxtərəfli görüşlər zamanı Azərbaycan və Kolumbiya arasında siyasi dialoqun möhkəmləndirilməsi perspektivləri, iqtisadiyyat sahəsində yeni əməkdaşlıq imkanlarının araşdırılması, iki ölkə arasında ticarət əlaqələrinin gücləndirilməsi üçün müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Kolumbiyanın Mədəniyyət Naziri ilə keçirilmiş görüşdə yaxın gələcəkdə Kolumbiyada keçiriləcək Azərbaycanın mədəniyyət günlərinin təşkilati məsələləri müzakirə edilib.

Səfər çərçivəsində İ.Muxtarov Kolumbiya Senatında çıxış etmişdir. Səfir öz çıxışında son illər ərzində ölkələrimiz arasında inkişaf etməkdə olan ikitərəfli münasibətlərdən söz açaraq, bu əlaqələrin geniş potensiala malik olduğunu və gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə edib. Səfir İ.Muxtarov, həmçinin Azərbaycan reallıqları, ölkəmizin region dövlətləri ilə münasibətləri və siyasi-iqtisadi inkişafı, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti, habelə Xocalı soyqırımı və insanlığa qarşı törədilmiş bu cinayətin beynəlxalq səviyyədə tanınması prosesindən Kolumbiya Senatorlarına ətraflı məlumat verib.

Kolumbiyada səfərdə olan İ.Muxtarov, Kolumbiya Parlamentinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüb. Görüşdə iki ölkənin parlamentləri arasında siyasi əlaqələrin inkişaf etdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

Səfər çərçivəsində İ.Muxtarov, həmçinin Kolumbiyanın "Uşaqlara qarşı cinsi zorakılıqların cəzalandırılmasına dair Şəbəkə Fondu"nu ziyarət edib. Tədbirdə çıxış edən Səfir İ.Muxtarov bildirmişdir ki, sözügedən problem qlobal xarakter daşıyır və müasir dünyanın ən mühüm çağırışlarından biridir. Gələcək nəsillərin rifahı naminə Fondun bu istiqamətdə apardığı fəaliyyətin vacib əhəmiyyət kəsb etdiyi qeyd edilib. Daha sonra, Səfir Azərbaycan hökuməti adından Kolumbiyanın sözügedən Fonduna kompüterlər bağışlayıb.

Səfər zamanı İ.Muxtarov Kolumbiya XİN-in Diplomatik Akademiyasında təqdimatla çıxış edib. Tədbirdə Diplomatik Akademiyanın professor və tələbə heyəti, Kolumbiya XİN-in rəsmiləri və ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin üzvləri iştirak edib. Səfir Azərbaycanın xarici siyasəti, iqtisadi potensialı, beynəlxalq aləmdə nüfuzu, habelə Kolumbiya ilə mövcud münasibətlərindən bəhs etmiş, ölkəmizin tarixi və mədəniyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Səfir İ.Muxtarov görüş iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımı və bu faciənin beynəlxalq aləmdə tanınması prosesindən bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə