Azərbaycanla Almaniya arasında ədliyyə sistemində əməkdaşlıq genişlənir
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) Almaniyanın Bruksal şəhərindəki həbsxananın rəisi Tomas Müller və Almaniyanın Nordrayn-Vestfallen torpağının Penitensiar xidmətinin istefada olan vitse prezidenti Linhard Dregerdən ibarət nümayəndə heyəti ilə görüşüb.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Mədət Quliyev Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində müfəssəl məlumat verib.
O, Azərbaycan Ədliyyə Nazirliyi ilə Almaniya Federal Ədliyyə Nazirliyi arasında hüquqi əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdə Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) iştirakını çox yüksək qiymətləndirərək, son illər ərzində bu layihələrin penitensiar sahəni də əhatə etdiyini xüsusi vurğulayıb.
Bildirilib ki, məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraiti, onlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin artırılması, cəzanın icrasının təşkili mövzularında fondun ekspertləri tərəfindən müxtəlif seminar-treninqlərin keçirilməsi və Penitensiar xidmət əməkdaşlarının təcrübə mübadiləsi məqsədilə Avropa ölkələrinə xarici səfərlərinin təşkili bu əməkdaşlığın əsasını təşkil edib. Almaniya Hüquq Əməkdaşlığı Fondunun ekspertləri Tomas Müller və Linhard Dreger işgüzar səfər üçün yaradılmış şəraitə və qəbula görə minnətdarlıq edib və səfərin əsas məqsədləri haqqında məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB