İstanbulda 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib - FOTO

İstanbulda 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib - FOTO

Tarixdən məlum olduğu kimi erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 94 il ötür. Çar Rusiyasının dəstəyinə arxalanan işğalçı erməni qüvvələri "Böyük Ermənistan" xəyalı ilə 1918-ci il martın 31-də Bakı, Gəncə, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur qəzası və İrəvan kimi şəhərlərdə azərbaycanlıları qətlə yetiriblər.

Tarixi faktlara istinad edərək söyləyə bilərik ki, bu soyqırımında məqsədlərdən biri də Bakının işğal edilib Azərbaycanın neftinə sahib olmaq idi. Bunu isə yalnız azərbaycanlılara qarşı soyqırım etməklə mümkün idi. Belə ki, ermənilər Birinci Dünya müharibəsinin sonlarında baş verən hadisələrdən yararlanaraq 1918-ci il martın 31-də Bakıda azərbaycanlılara qarşı kütləvi soyqırıma başlamışlar. Onlar bir gecə ərzində Bakıda 3 min azərbaycanlını öldürmüş, evləri, məktəbləri, tarixi abidələri yandırmış və şəhəri viran qoymuşlar. Bu faciənin Azərbaycanın digər şəhərlərində də törədildiyi və 50 mindən çox azərbaycanlının qətlə yetirildiyi tarixi faktlarla sübuta yetirilmişdir.

Məhz 1998-ci il martın 26-da prezident Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalaması, tarixi şüurumuzun yenilənməsi və unudulmaması baxımından əlamətdar bir addim idi. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. 31 Mart - Azərbaycanlıların Soyqırımı günü münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirildi.


31 Mart bir daha yaşanmasın


2010-cu ildə İstanbulda qurulan İstanbul Türkiyə Azərbaycan Dərnəyi tərəfindən İstanbulun mərkəzi səmtlərindən birində, Kadıköy Bahariyyə prospektində dərnəyin konfrans zalında 31 mart soyqırım münasibəti ilə tədbir keçirildi. Tədbirdə Azərbaycandan gələn qonaqlar, Türkiyədə yaşayan azərbaycanlılar və illərdir burada məskunlaşan azərbaycan əsilli Türkiyə vətəndaşları iştirak edirdilər. Tədbir hər iki qardaş ölkənin himnlərinin səslənməsi və şəhidlərin ruhuna dualar edilməsi ilə başladı. Daha sonra İstanbul Türkiyə Azərbaycan Dərnəyi qurucusu və sədri Səfər Qaraqoyunlu tədbiri açaraq çox əhəmiyyətli mövzulara toxundu: "Biz Türklər hər platformada erməniləin bizlərə qarşı törədiyi soyqırımları və qətliamları dünyaya çatdırmalıyıq. Tarixdən də məlum olduğu kimi ermənilər həm Azərbaycan türklərinin, həm də Anadolu türklərini fürsət düşdükcə öldürmüşlərdir. Bu insanlar sadəcə türk olduqları üçün şəhid edildilər. Elə yaxın vaxtlardada Xocalı qəsəbəsindəki qətliamda da ermənilər eyni senarini təkrarladırlar".

Səfər Qaraqaoyunlu öz nitqində bəzi ciddi mətləblərə də toxundu. Belə ki, hörmətli dərnək sədri, 1918-ci il mart qətliamının eyni zamanda bolşevik inqilabının Azərbaycanda daha da güclənməsi üçün ruslar tərəfindən ermənilər vasitəsi ilə icra edildiyini bildirdi. Əsas məqsəd isə əlbəttə ki, Azərbaycan və Anadolu torpaqlarını əhatə edəcək "Böyük Ermənistan"` layihəsinin həyata keçirilməsi və bu istiqamətdə etnik təmizləmə siyasəti idi.

Tədbirdə Azərbaycan dövləti adına Azərbaycan Respublikası İstanbul Konsulluğundan Konsul Ceyhun Məmmədov iştirak edirdi. Məmmədov, öz nitqində soyqırımlarla bağlı Azərbaycanın beynəlxalq aləmdə yürütdüyü siyasi strategiyadan və Azərbaycan dövlətinin hər zaman tarixi yaddaşımızı canlı tutmaq və unutmamaq üçün belə tədbirləri dəstəkləyəcəyini bildirdi.

31 Mart soyqırımının tarixi arqumentlərə və hadisələr istinad edilərək tarixçi alim Mayis Əlizadə tərəfindən məruzə edilməsi tədbir iştirakçıları tərəfindən diqqətlə dinlənildi. Tarixçi alim öz məruzəsində 31 martda ermənilər tərəfindən Azərbaycanda törədilən qətliamın o zamanın şərtləri daxilində qiymətləndirilməsinin və belə bir qətliamın eyni zamanda Azərbaycan üzərində cərəyan edən güc müharibəsinin əksi olduğunun bilinməsinin də vacibliyini vurğuladı.

Tədbirdə yadda qalan çıxışlardan biri də Türkiyəli şair-ozan Məqsud Fəryadinin Azərbaycan və Türkiyə arasında yüz illərdir dastan və yazılı abidələrdə də öz əksini tapan qardaşlıq tellərinə toxunması idi. Tədbirin qonaqları arasında Xocalı soyqırımına məruz qalmış, amansız qaçış nəticəsində iki ayaqlarını itirən Xocalı sakini Xədicə Orucovanın da nitqi yaddaşlarda qalacaqdır. O, üzünü dünya dövlətlərinə tutaraq ermənilərin əsrin başlanğıcında və sonlarında Azərbaycan xalqına, ümumən Türklərə qarşı törətdiyi qətliam və soyqırımların nə vaxta qədər cavabsız qalacağını ifadə etdi. Tədbirin digər məruzəçiləri də 31 mart soyqırım günü ilə əlaqədar ciddi mövzulardan bəhs edərək belə soyqırım tədbirlərinin tarixi yaddaşımızı canlı tutacağı üçün hər il keçirilməsini arzuladılar.

Tədbirin sonunda İstanbul Türkiyə Azərbaycan Dərnəyi tərəfindən ozan-şair Məqsud Fəryadiyə xatirə plaketi verildi. Plaketi Konsulumuz Ceyhun Məmmədov və İstanbul Türkiyə Azərbaycan Dərnəyi sədri Səfər Qaraqoyunlu təqdim etdi.

İstanbulda həyata keçirilən bu tədbir bir çox cəhətdən əlamətdar idi. Bunlardan birincisi əlbəttə ki, Türkiyəli qardaşlarımızla haqq səsimizi dünya ictimaiyyətinə tədbir vasitəsilə çatdırmaqdır. İkincisi isə belə soyqırım tədbirləri sayəsində tarixi yaddaşımızı canlı tutaraq hər zaman müştərək dəyərlərimiz və qardaşlıq tellərimizin qüvvətlənməsini daha da inkişaf etdirməkdir. Məhz bu mənada gündən-günə artan iqtisadi-siyasi əlaqələrimiz regionda nüfuzlu və güclü dövlətlərə çevrilməyimizi zəruri hala gətirməkdədir. Belə ki, Ümummilli Lider Heydər Əliyevin "bir millət-iki dövlət" kəlamı belə bir strateji xəttin həyata keçirilməsinin vacibliyinə də işarə edir. Digər tərəfdən Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün " Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamı strateji xəttin və qardaşlığın əsasını təşkil edən sütunlardandır. Məhz 31 Mart soyqırım günün İstanbul Türkiyə Azərbaycan Dərnəyi tərəfindən İstanbulda tədbir şəklində keçirilməsini Türkiyə və Azərbaycan əlaqələri baxımından yekdil birliyimiz adına atılan ən böyük addımlardan biri olaraq qiymətləndirmək mümkündür.


Rəşad İlyasov,

SİA-Türkiyə xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə