Kristian Vigen: “Azərbaycan öz siyasi, demokratik inkişafına görə digər dövlətlərdən fərqlənir” - AÇIQLAMA

Kristian Vigen: “Azərbaycan öz siyasi, demokratik inkişafına görə digər dövlətlərdən fərqlənir” - AÇIQLAMA

Bu gün Azərbaycanda səfərdə olan Avronest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigen Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. SİA-nın xəbərinə görə, görüşdə K.Vigen deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın öz siyasi, demokratik inkişafına görə də digər dövlətlərdən fərqləndiyini dyeən qonaq qeyd edib ki, Avropa İttifaqı da bu fərqi görür və yüksək qiymətləndirir.
Avronest PA-nın həmsədri Kristian Vigen Assambleyanın sessiyasının Bakıda yüksək səviyyədə təşkilinə görə, Avropa Parlamentinin rəhbərliyi və nümayəndə heyəti adından Azərbaycan dövlətinə və parlamentinə minnətdarlığını bildirib: Yaranmasından bir ildən az müddət keçməsinə baxmayaraq, Avronestdə 4 hesabat hazırlanıb. Bu sənədlər Assambleyanın və onun strukturlarının fəaliyyətinin əsas prinsip və istiqamətlərini müəyyən edəcək. Bu hesabatların hazırlanmasında Azərbaycan nümayəndə heyətinin rolunu xüsusi qeyd edib. Avropa İttifaqı, Avropa Parlamenti və digər qurumlar "Şərq Tərəfdaşlığı" Proqramına qoşulan ölkələrin inkişafını diqqətlə izləyir. Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, siyasət, demokratiya və digər sahələrdə də sürətlə inkişaf edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı sürətlə Avropa ittifaqına yaxınlaşır. Biz bütün bunları yüksək qiymətləndiririk. Əminliklə deyirik ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Avronest regional münaqişələrin həllində güclü təsir mexanizminə malik deyildir. Lakin buna baxmayaraq biz, bütün problemlərin, eləcə də, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq. Ümid edirik ki, birgə səylərimiz nəticəsində buna nail olacağıq".

Oqtay Əsədov isə qeyd edib ki, Avratlantik məkana inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Yeni yaranmış Avronest PA-nın ikinci sessiyasının Bakıda keçirilməsi buna əyani sübutdur. Əminik ki, tədbirin iştirakçıları təşkilatçılıqdan razı qalacaq və müzakirə edəcəyimiz məsələlər, qəbul olunacaq qərarlar əlaqələrin inkişafına çox müsbət təsir göstərəcək.
Milli Məclisin sədri vurğualyıb ki, Azərbaycanın Avropa İttifaqı (Aİ), eləcə də onun ayrı-ayrı strukturları ilə əlaqələri inkişaf edir və möhkəmlənir. İnanırıq ki, Avronest də bu istiqamətdə qarşıya qoyulmuş əsas məqsədlərə nail olmaq üçün imkanlar yaradacaq: "Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının ən etibarlı tərəfdaşıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Amma təəssüflər olsun ki, Avronestə üzv olan 6 ölkənin dördündə regional münaqişələr mövcuddur. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı erməni təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşüb. Münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa İttifaqının və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Azərbaycan bu münaqişəni başqa yolla həll etmək iqtidarındadır. Amma hesab edirik ki, başqa yollar Avropanın özü üçün də təhlükəli və arzuolunmazdır. Ona görə də dövlətimizin başçısı, Milli Məclis və xalqımız bu problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə tərəfdardır. İnanırıq ki, Avronest də münaqişənin sülh yolu ilə həllində öz dəstəyini əsirgəməyəcək".

Avronest PA-nın digər həmsədri Boris Tarasyuk Assambleyanın sessiyasının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildiriv, Azərbaycanın qurum daxilindəki fəaliyyətini yüksək qiymətləndirib.
Sonra görüşdə Avronest PA-nın fəaliyyətinin əsas istiqamətləri, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramının genişləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə