Qənirə Paşayeva “Türk dünyasına xidmət” mükafatına layiq görülüb - FOTO

Qənirə Paşayeva “Türk dünyasına xidmət” mükafatına layiq görülüb - FOTO

Almaniyanın Nürnberq bölgəsində səfərdə olan millət vəkili Qənirə Paşayeva Nürnberq çevrəsi Türk Toplumunun (N.C.T.T. ) rəhbərliyi və üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Nürnberq çevrəsi Türk Toplumu tərəfindən təşkil edilən 31 mart-Azərbaycanlıların Soyqırımı günü və Kəlbəcərin işğalı ilə bağlı anma tədbirinin və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfransın əhəmiyyətini vurğulayan millət vəkili Qənirə Paşayeva bu kimi tədbirlərin Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynadığını və onların davamlı olmasının vacibliyini qeyd edib.


Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının Azərbaycanı və Türkiyəni narahat edən problemlərin həlli istiqamətində birlikdə hərəkət etmələrinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu istiqamətdə görülən işlərin daha da sürətləndirilməsinin gərəkliyini qeyd edib.


Görüşün sonunda millət vəkilinə N.C.T.T. tərəfindən "Türk dünyasına xidmət"mükafatı təqdim edilib.


Sonra millət vəkili Q. Paşayeva Nürnberq Çevrəsi Türk Toplumuna Azərbaycanın tarixi, Qarabağ həqiqətləri, Azərbaycanın mədəniyyəti, musiqisi ilə bağlı kitablar və materiallar təqdim edib.

Qeyd edək ki, Nürnberq Çevrəsi Türk Toplumu 14 dərnəkdən ibarət olub, xaricdə fəaliyyət göstərən Azərbaycan və türk vətəndaşlarının qurduqları cəmiyyətlər, Balkan dərnəkləri kimi digər dərnəkləri özündə cəmləşdirir.


Nürnberq bölgəsinə səfəri çərçivəsində millət vəkili Türkiyənin Nürnberqdəki baş konsulu Ece Öztürk Çil ilə də görüşüb.


Daha sonra millət vəkili Nürnberqdə fəaliyyət göstərən Atatürk düşüncə dərnəyini də ziyarət edib və dərnəyin rəhbərliyi və üzvləri ilə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanı və Türkiyəni narahat edən problemlərin həllində Azərbaycan və türk diaspor təşkilatlarının birgə hərəkət etmələrinin vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva Türkiyənin Nürnberqdəki baş konsulu Ece Öztürk Çilə və Atatürk düşüncə dərnəyinə Azərbaycanın tarixi, Qarabağ həqiqətləri, Azərbaycanın mədəniyyəti, musiqisi ilə bağlı kitablar və materiallar təqdim edib, habelə Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Havva Məmmədova ilə birgə yazdığı və üç dildə çap olunmuş (Azərbaycan, Türkiyə türkcəsi, ingilis) \"Hocalı Soykırımı: Tanıkların dilinden\" kitabının, habelə "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı ilə birgə yazdığı və üç dildə çap olunmuş (Azərbaycan, Türkiyə türkcəsi, ingilis) "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitablarını da hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə