Dünyada ölüm hökmü

\"Amnesty International\" insan hüquqları təşkilatının məlumatına görə, 2011-ci ildə ən azı 18750 nəfər üçün ölüm hökmü cəzası çıxarılıb. Qurum ötən ilə dair hesabatında Çin istisna olmaqla dünyada 676 adam üzərində bu hökmün icra olunduğunu göstərib. Təşkilat həmçinin bildirib ki, ayrı-ayrı dövlətlərdə sözügedən cəza xüsusi qorxuducu vasitələrlə həyata keçirilib. Çində, İranda, İraqda və Səudiyyə Ərəbistanında edamların sayı artıb. Ümumən bu siyahıda öncül yeri isə Çin, Səudiyyə Ərəbistanı, Somali, ABŞ və Yəmən tutub.


Hüquq müdafiəçiləri Livanda, Fələstində və Tunisdə edamların azaldığı qənaətinə gəliblər. 2011-ci ildə dünyanın 198 ölkəsindən yalnız 20-də ölüm hökmü icra olunub ki, bu rəqəmin də geridə qalan otuz illə müqayisədə xeyli azaldığı deyilir. Maraqlıdır ki, Yaponiyada son 19 il ərzində bir nəfər də olsun, adam edam olunmayıb.


Çində nə qədər insanın məlum cəzaya məruz qaldığı məlum deyil. Bu ölkəyə dair heç bir rəsmi rəqəmlər olmadığından hüquq müdafiəçiləri hesab edirlər ki,ən çox ölüm hökmü məhz orada reallaşdırılıb. Lakin onlar ölkənin bir sıra qanunvericilik aktlarındakı dəyişikliklərə də diqqətlə yanaşırlar. Çünki yeniliklər 13 cinayətə görə ölüm cəzasını aradan qaldırıb. Eyni zamanda kommunist rejimində iki cinayət hadisəsi səbəbindən ən yüksək cəzanın seçilməsi rəsmiləşdirilib. Ölkədə insanlar əsasən narkotik ticarəti apardıqlarından və korrupsiya ilə bağlı hallara yol verdiklərinlən edam olunurlar.


\"Amnesty International\"ın hesabatında ən çox edam hökmünün icra olunduğu ölkələrdən biri də İrandır. İslam Respublikasında 2011-ci ildə bununla bağlı 360 rəqəmi qeydə alınıb. Öldürülənlərin üçünün 18 yaşına çatmayan şəxs olduğu bildirilir ki, bu da beynəlxalq hüquqlara ziddir. \"Amnesty International\" misal kimi sentyabrın 21-də 17 yaşlı Əli Rza Mola-Soltaninin asılmasını əsas götürür.


Ötən il ərzində Səudiyyə Ərəbistanında edamların sayının 3 dəfə artdığı deyilir. Ölkədəki mövcud göstəricinin 2010-cu ildə 27, 2011-cu ildə isə 82 olduğu bildirilir. Hesabatda burada baş vermiş xüsusi amansız cəza icraları içərisində sudanlı Əbdülhəmid əl-Fəkkinin cadugarlığa görə başının kəsilməsi vurğulanıb.


İraqda ötən il edam edilən 68 nəfərdən əksəriyyəti qanunsuz cinayətkar qruplaşmalarda iştiraka görə mühakimə edilib. Hüqüq müdafiəçilərinin sözlərinə görə, onların çoxunun məhkəməsi cəmi 2-3 dəqiqə sürüb.


ABŞ ölüm hökmünə malik böyük səkkizliyə daxil olan yeganə ölkədir. Amma ictimaiyyətin təzyiqi altında bu kimi halların sayı əsaslı dərəcədə azalıb. İllinoys isə ölkənin ölüm hökmünün ləğv edildiyi 16-cı ştatı olub. 2011-ci ildə Birləşmiş Ştatlarda edamla üzləşənlərin sayı 43-dür.


Avropaya gəldikdə, 2012-ci ilin yanvarın 1-də Latviyada ölüm hökmünün ləğvindən sonra dünyada belə qərara imza atan dövlətlərin sayı 97-ə çatıb. Hazırda Avropada bu cəza yalnız Belarusda tətbiq olunur. Çində, Monqolustanda və Vetnamdakı kimi, burada da ölüm hökmünün icrası ilə bağlı göstəricilər gizli saxlanılır. Belarusda özünəməxsus xüsusiyyət ondan ibarətdir ki, ölkədə güllənməyə məruz qalmış şəxsin qohumlarına onun basdırıldığı yer barədə heç bir məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə