”Aşıq Şəmşir” Mədəniyyət Ocağı Novruz bayramını Almaniyada qeyd edib - FOTOLAR

”Aşıq Şəmşir” Mədəniyyət Ocağı Novruz bayramını Almaniyada qeyd edib - FOTOLAR

Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri olmuşdur. Onlardan bəziləri xalqa yad müəyyən bir ideologiya ilə bağlı olduğundan zaman keçdikcə unudulmuş, yaddaşlardan silinmişdir. Yalnız o bayramlar əsrlərin sınağından keçir ki, onların əsasında humanist milli və bəşəri ideyalar durur.

Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi belə bayramlardan biri də Novruz bayramıdır. Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirmişdir.

Bu bayram ölkəmizdə də dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin amallarına xidmət edən Prezident İlham Əliyev də hər il Novruz bayramı münasibəti ilə xalqımızı təbrik edir, öz diləklərini insanlara ünvanlayır. Builki bayram təbrikində ölkə Prezidenti demişdir: "Novruz bayramı bizim sevimli bayramımızdır. Xalqımız əsrlər boyu bu gözəl bayramı öz qəlbində yaşatmışdır. Bütün dövrlərdə Azərbaycan xalqı Novruz bayramını çox geniş şəkildə qeyd etmişdir. Əvvəlki illərdə, Azərbaycan müstəqil olmayan dövrdə bu bayram ancaq evlərdə, ailələrdə qeyd olunurdu. Buna baxmayaraq, bu bayram hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayırdı, bu gün də yaşayır və əbədi yaşayacaqdır.

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun mədəni irsin qorunması siyahısına daxil edilib. Artıq beynəlxalq aləmdə bu bayram təntənəylə qeyd edilir.

SİA-nın "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, milli adət-ənənələrimizin, milli bayramlarımızın yaşadılması və gənc nəslə aşılanması istiqamətində fəaliyyət göstərən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi bu dəfə Novruz bayramını Almaniyada yaşayan, təhsil alan, işləyən həmvətənlərimiz xarici qonaqlar və alman xalqının nümayəndələri ilə birgə qeyd edib. Belə ki, 2012-ci il mart 24-də Almaniyanın Mainz şəhərində "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin "Novruz Bayramı Almaniyada" adlı tədbir keçirilib. Tədbirə Almaniyada yaşayan həm şimali həm də cənubi azərbaycanlı soydaşlarımızla bərabər, xarici qonaqlar da dəvət edilib.

Azərbaycandan dəvət edilən Aşıq Ədalət Dəlidağlı saz havaları ilə tədbir iştirakçılarına xoş dəqiqələr yaşadıb. Tədbirdə çıxış edənlər Novruz bayramının tarixi əhəmiyyətindən və onun Azərbaycan adət-ənənələrinin ayrılmaz bir parçası olmasından söz açıblar. Dövlətimizin müstəqillik qazanmasından sonra Ümummilli Liderimizin bu məsələyə xüsusi diqqət və qayğısı nəticəsində Novruzun ümumxalq səviyyəsində qeyd olunması diqqətə çatdırılmış və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahədə də Umummili Liderimizin siyasətinə sadiq qaldığı vurğulanıb.

"Aşıq Şəmşir" Mədəniyyət Ocağının Almaniyadakı nümayəndəsi bu ölkədə təhsil alan Vasif Hüseynov tədbir iştirakçılarına prezidentimiz İlham Əliyev tərəfindən ölkəmizdə aparılan quruculuq işləri, ictimai-siyasi sabitlik, Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə qonaqlara məlumat verib, dövlətimizə həsr olunmuş videolar göstərilib, broşüralar paylayıb və qonaqlara milli atributlarımızı özündə əks etdirən hədiyyələr verilib. Tədbirdə qonaqlara milli mətbəximizin ləziz təamları və Novruzun bəzəyi olan şirniyyatlar təklif olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə