Prezident İlham Əliyev: \"Azərbaycan və Qırğızıstan münasibətlərinin yeni mərhələsi başlayır\"

Prezident İlham Əliyev: \"Azərbaycan və Qırğızıstan münasibətlərinin yeni mərhələsi başlayır\"

Dünyanın hansı nöqtəsində yaşamasından, siyasi mənsubiyyətindən, dünyagörüşündən, vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq, özünü türk kimi dərk edən hər bir şəxs üçün türk dünyasının birliyi ən ali ideallar sırasında dayanır. SİA-nın xəbərinə görə, son illər Azərbaycan və türk dövlətlərinin icmaları bu birliyin yeni formulunu yaradırlar. Xarici ölkələrdə məskunlaşmış türk xalqları arasında ortaq mənafe naminə əlaqələrin qurulması da bu gün xüsusən əhəmiyyətlidir.

Bu gün türk xalqlarının əməkdaşlığının elmi cəhətdən öyrənilməsinə və tədqiq edilməsinə ehtiyac var. Xalqlar arasında əməkdaşlığın yaranması üçün mövcud problemlərin öyrənilərək həlli yollarının göstərilməsi yaxın gələcəkdə güclü türk birliyinin yaranmasını zəruri edir. Bu baxımdan da son illərdə türkdilli ölkələrin qarşılıqlı əməkdaşlığı, birgə fəaliyyəti günü-gündən inkişaf edir. Türk dövlət başçılarının ölkəmizə səfəri və ya Azərbaycan prezidentinin qonşu türk dövlətlərinə səfəri çərçivəsində xalqlar arasındakı əlaqələr ətraflı müzakirə edilir.

Qırğızıstan prezidenti Almazbek Atambayevin ölkəmizə səfəri zamanı da müxtəlif məsələlərə aydınlıq gətirilib. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayevin birgə mətbuat konfransı keçirilib.

Prezident İlham Əliyev deyib ki, artıq Azərbaycan və Qırğızıstan münasibətlərinin inkişafının yeni mərhələsi başlayır: "Biz həmişə çalışmışıq ki, ölkələrimiz arasında münasibətlər dinamik və səmərəli inkişaf etsin. Lakin təəssüf ki, müəyyən vaxt itirilmişdir. Siz Qırğızıstana rəhbərlik edəndən sonra biz münasibətlərimizin inkişaf dinamikasını, bu münasibətləri inkişaf etdirmək üçün real, ciddi əzmkarlıq göstərildiyini görürük. Ən başlıcası, biz öz vədlərimizə və razılaşmalarımıza sadiqik. Bir neçə ay bundan əvvəl olmuş ilk görüşümüz artıq münasibətlərimizin fəallaşmasına gətirib çıxarmışdır, bizim strukturlar və şirkətlər arasında artıq əlaqələr mövcuddur. Sizin Azərbaycana səfəriniz ikitərəfli əlaqələrin inkişafına bizim necə yanaşmağımızın sübutudur.
Bu gün biz həm siyasi baxımdan, həm iqtisadi sahədə, həm də investisiya siyasətində münasibətlərimizin qarşıdakı onilliklər üçün inkişafının yollarını müəyyən edirik. Əminəm ki, münasibətlərimizin böyük gələcəyi vardır. Biz bundan sonra da ikitərəfli planda, regional münasibətlərdə fəal işləyəcəyik. Biz, həmçinin türk dünyasının birliyini daha da möhkəmlətmək, inteqrasiya proseslərində fəal iştirak etmək, planetimizdə yaşayan türk xalqlarının yaxınlaşdırılmasına yönəldilmiş bütün təşəbbüsləri dəstəkləmək barədə razılığa gəldik. Burada bizim baxışlarımız tamamilə üst-üstə düşür və bizə çox xoşdur ki, türk dünyası Prezident Atambayevin şəxsində xalqlarımızın birliyinin, ümumi tarixlə, ümumi mədəniyyətlə birləşən müstəqil dövlətlərin yaxınlaşmasının çox fəal təbliğçisini və tərəfdarını qazanmışdır.Əminəm ki, Sizin səfəriniz çox uğurlu, səmərəli olacaq, yaxşı nəticələr verəcəkdir."

Qırğızıstan prezidenti Almazbek Atambayevisə hər iki dövlətin ümumi tarixinin olduğunu deyib: "Bunu çox vaxt unudanlar onu da xatırlamalıdırlar ki, Sibirdən başlamış Qara dənizə qədər nəhəng bir ərazidə yaşayan xalqlar həmişə, gah xaqanlıq – türk, qırğız, uyğur xaqanlığı, gah Qızıl Orda, gah Rusiya imperiyası, gah Sovet İttifaqı adı altında birləşməyə çalışmışlar. Ona görə ki, bütün bu ərazidə qardaş xalqlar yaşayır. Elə həmin Rusiyada, məncə, əhalinin təxminən 20 faizi türkdillidir. Rusiyanın tarixi, istər hərbi, istərsə mədəni tarixi Turgenev, Aksakov, Kuprin və başqa xeyli türk mənşəli görkəmli şəxsiyyətlərlə zəngindir. Buna görə düşünürəm ki, bu birləşmə, keçmişi unutmamaq, əlbəttə, çox aktualdır. Çünki deyiblər: Əgər kim keçmişə tapançadan atəş açsa, gələcək onu top atəşinə tutacaqdır.biz hörmətli İlham Heydər oğlunu bu ilin avqust ayında Qırğızıstana rəsmi səfərə dəvət etmişik. Möhtərəm Prezident səfərə gəlməyi vəd etmişdir. Yəqin ki, Türkdilli Ölkələrin Sammitini də həmin vaxtda keçirəcəyik.
Mən düşünürəm ki, münasibətlərimiz əslində tamam başqa mərhələyə keçir. Hər iki nümayəndə heyətinin üzvləri bunu danışıqlar zamanı gördülər. Mənə belə gəlir ki, Allahın köməyi ilə ölkələrimiz arasında tamamilə başqa münasibətlər yaranacaqdır və biz bu 20 il ərzində itirdiklərimizin əvəzini çıxacağıq".

Qeyd olunmalıdır ki, türk dünyasının birliyini real təşəbbüslərlə möhkəmlənməsi istiqamətində siyasi baxımdan da az iş görülməyib. Türkdilli dövlətlərin sammitlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmişə birmənalı mövqe, bu münaqişənin tənzimlənməsində Azərbaycanın haqq işinə dəstək, bu münaqişənin tənzimlənməsi ilə əlaqədar beynəlxalq qərarlara, beynəlxalq təşkilatların qətnamələrinə dəstək ifadə edilib. Biz qardaş dövlətlərin bizim üçün ən vacib məsələyə - artıq 20 ildən bəri davam edən erməni işğalına son qoyulması, münaqişənin tezliklə tənzimlənməsi məsələsi, o cümlədən türk dünyası ölkələrinin sammitlərinin qərarları çərçivəsində ifadə edilən mövqeyindən razıyıq.

Əlbəttə, türkdilli dövlətlərin qarşılıqlı dəstəyi bütün məsələlərdə əksini tapmalıdır. Bu, iqtisadi, siyasi dəstək, beynəlxalq qurumlarda qarşılıqlı fəaliyyət, beynəlxalq təşkilatlarda bir-birinin xeyrinə səsvermə deməkdir. Biz bu mövqeyə - türkdilli dövlətlərin həmrəyliyi mövqeyinə, həmçinin bütün islam dünyasının həmrəyliyi mövqeyinə həmişə sadiq olmuşuq.

Unutmayaq ki, türk dünyası çox böyük potensiala – insan resurslarına, yaxşı demoqrafik şəraitə malikdir. Bizim zəngin təbii ehtiyatlarımız – neft, qaz, metallar, su ehtiyatımız vardır. Biz Xəzər dənizi vasitəsilə bütün türk dünyasını birləşdirən çox geniş coğrafi əraziyə malikik. Buna görə də mövqelərimizin güclənməsi yalnız birliyimizin möhkəmlənməsi ilə bağlı ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə