Cəbi Bəhramov: \"31 Mart Soyqırımını törətməkdə ermənilərin əsas məqsədi Bakı neftini ələ keçirmək idi\" - MUSAHİBƏ

Cəbi Bəhramov: \"31 Mart Soyqırımını törətməkdə ermənilərin əsas məqsədi Bakı neftini ələ keçirmək idi\" - MUSAHİBƏ

"Sovet Rusiyasının və digər qərb dövlətlərinin əsas məqsədi Bakını işğal edib Azərbaycan neftinə sahib olmaq idi. Bunu isə yalnız azərbaycanlıları öz tarixi torpaqlarından silməklə həyata keçirə bilərdilər". Bunu SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirib. Onun sözlərinə görə, ermənilər törətdikləri bu qırğınlarda Sovet hakimiyyətinin gücünə arxalanırdı: \"Hələ XVIII əsrdə I Pyotrın zamanından bu günə kimi davam edən Rusiyanın Qafqaz siyasəti mahiyyət etibarı ilə dəyişməyib. Belə ki, Çar Rusiyası Qafqazı işğal edərkən həmin üsullardan istifadə etmişdir ki, bu zaman əsas qüvvə Osmanlıdan və İrandan köçürülən ermənilər idi. Ermənilərin isə başında Lenin tərəfindən Qafqazın Fövqəladə səlahiyyətli səfiri elan edilən Şaumyan dayanırdı\".

Bəs, görəsən, hansı səbəbdən ölkəmiz hər zaman qonşu dövlətlərin diqqət mərkəzində olub. Başlıca olaraq bunun səbəbinin Bakı neftinə yiyələnmək istəyi olduğunu deyən tarixçi Bakı və Bakı neftinin son 200 il ərzində beynəlxalq münasibətlərdə rəqabət mövzusu olduğunu bildirdi. Cəbi Bəhramov hesab edir ki, Dünya müharibələrinin başlamasında və gedişi zamanı Bakı nefti müharibələrin taleyində ciddi rol oynadı: "Rusiya Azərbaycan neftini əldən verməmək üçün bütün fürsətlərdən istifadə edirdi. Bakı isə neftin çıxarıldığı başlıca məkan idi. Hətta hadisələrin sonrakı gedişində o da məlum oldu ki, tək Rusiya deyil, Avropa dövlətləri də Bakı neftinə sahib olmağa çalışırdı. İngiltərənin xarici siyasətində isə bu daha qabarıq görünürdü. Hətta 1918-ci ilin avqust ayında min nəfər ingilis desantı Bakıya yeridildi. Həmin desanta rəhbərlik edən Denstrevil İngiltərədə nəşr olunan "Nil İst"jurnalına verdiyi müsahibəsində bildirirdi ki,\"Əgər neft krallıqdısa, Bakı onun tacıdır". Hələ 1782 ci ildə İngiltərədən Bakıya gələn Con Foster ölkəsinə qayıtdıqdan sonra "Bakı nefti" adlı kitab yazır. Kitabda deyilir ki, \"mən bir cənnətə getdim, burada insanların ayağının altından \"qara qızıl\" axırdı. O insanlar buna adi baxırlar. Ora tez getmək lazımdır. O cənnətə sahib olmaq üçün o krallığa tez yiyələnməliyik".

Tarixi sənədlərə nəzər saldıqda o da məlum olur ki, o zaman dünyanın nəhəng neft şirkətləri "Nobel" "Rokşet","Standart oil" şirkətləri hamısı Bakıya neft dalınca gəlmişdilər. ABŞ-ın da bu məsələdə o zaman öz məqsədləri olduğunu deyən tarixçi Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan edəndə ABŞ-ı bu müstəqilliyi tanımaqdan imtina etdirən "Standart oil" şirkəti olduğunu bildirdi. Bakı əhalisinə qarşı ermənilərin əli ilə divan tutulması o dövrün nəhəng dövlətlərinin xarici siyasəti idi.

Cəbi Bəhramov deyir ki, tarixi sənədləri araşdırdığımız zaman o da məlum oldu ki, Şaumyan fövqəladə səlahiyyətli səfir təyin edildikdən sonra dekabr ayının 16-da Leninin göstərişi ilə ona 500 min rubl qızıl pul vəsait ayrıldı: \"Fevral ayında isə 31 milyon rubl dəyərində qızıl pul göndərilir. 5 min tüfəng, 2 zirehli maşın, 2 aeroplan ayrılır. Bütün bunlar isə Bakı və digər regionlarda baş verən qırğınlarda istifadə edildi. Şaumyanın yanın da neft məsələlərinə baxan Tel Qabriyan adlı şəxs vardı ki, ona Leninin öz məktubunda bildirirdi ki, şəhəri əldə saxlaya bilməsəniz, o zaman yandırın. Rus tədqiqatçıları isə yazırdılar ki, görəsən, Bakını yandırsaydılar, bu şəhərdən nə qalardı.

Bu zaman bütün bunlar məqsəd idisə Evelina gəmisinin tərkisilah edilməsi bir növ bəhanə oldu\".

Qeyd edək ki, son tədqiqatlardan belə məlum oldu ki, ermənilər ölkəmizdə 700 min insanı qətlə yetirib. Quba qəzasında 122, Şamaxıda 72, Zəngəzurda 115, İrəvanda 200-dən çox insanı məhv etdilər. Cənubi Azərbaycan ərazisində Xoy, Makuda, Urmiyada 130-150 min arası türkü qətlə yetirdilər. Bütün bunlar isə Sovet Rusiyasının ermənilərə verdiyi həm maddi, həm mənəvi dəstəklə həyata keçirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə