“Tarixi Azərbaycan dövlətləri” kitabı hazırlanıb

“Tarixi Azərbaycan dövlətləri” kitabı hazırlanıb

AVRONEST PA-nın 2-4 apreldə Bakıda keçiriləcək sessiyası ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) yeni nəşri - "Tarixi Azərbaycan dövlətləri" kitabı işıq üzü görüb. SİA-nın xəbərinə görə, Azərbaycan və ingilis dillərində, eləcə də ölkəmizlə yanaşı bu qurumun üzvü olan dövlətlərin dillərində - (erməni, gürcü, moldav və Ukrayna) olan kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatla bərabər onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr verilib.

Kitab Azərbaycan tarixində ilk dövlət olan Manna haqqqında arayışla başlayır. Qədim Azərbaycan ərazisində mövcud olmuş Midiya, Skif şahlığı, Atropatena və Albaniya dövlətləri haqqında məlumatlar verilir. Kitabda həmçinin 1000 illik tarixi olan Şirvanşahlar dövləti, orta əsrlərdə Azərbaycan ərazisində vahid dil və mədəniyyətinin formalaşmasında və xalqımızın etnik təşəkkülündə mühüm rol oynayan Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri haqqında arayışlar yer alır.

Daha sonra Azərbaycan dövlətlçilik tarixinin parlaq səhifələri olan, təkcə Azərbaycanın deyil Mərkəzi Asiya və Yaxın Şərq regionun tarixində əhəmiyyətli yerə malik Atabəylər və Səfəvilər dövlətlərindən, həmçinin 15-ci əsr Azərbaycan tarixində iz qoyan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən bəhs edilir. Azərbaycan tarixində mühüm yeri olan xanlıqlar dövrü də kitabda yer alan əsas bölmələrdəndir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Sovet Sosialist Respublikası və çağdaş müstəqil Azərbaycan Respublikası haqqında arayışlarla Azərbaycan dövlətçilik tarixi haqqında məlumatla sona çatır.

Artıq bir ildir ki, siyasət səhnəsində yeni bir qurum - AVRONEST Parlament Assambleyası fəaliyyət göstərir. Qurumda Avropa Parlamentinin üzvləri ilə yanaşı, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna nümayəndə heyəti təmsil olunur. Bu baxımdan kitabın yuxarıda qeyd olunan dillərdə nəşri təqdir olunmalıdır. Nəfis tərtibatı ilə diqqət çəkən kitabda milli ornamentlərdən və Qarabağ xalçalarının görüntülərindən dizayn elementi kimi istifadə olunub. \"Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri\" seriyasının məsləhətçisi akademik Asəf Nadirovdur. Kitabın ideyası və \"Ön söz\" AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanova məxsusdur. Elmi məsləhətçi AMEA-nın muxbir üzvü, tarix elmləi doktoru, professor İllyas Babayev, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə