“Sosial xidmət haqqında” Qanunun tətbiqi sahəsində müzakirə aparılıb

“Sosial xidmət haqqında” Qanunun tətbiqi sahəsində müzakirə aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qanunun tətbiqi sahəsində görüləcək işlərin müzakirəsi məqsədilə müxtəlif sosial xidmət sahələri üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə UNİCEF, UAFA (Azərbaycana Birgə Yardım), Hilfswerk Austria İnternational, Sosial Xidmətlər Təşəbbüsü, \"Save the children\" (Uşaqların xilası), \"Ümidli Gələcək\" Gənclər Təşkilatı, Uşaq Hüquqları üzrə QHT Alyansı, \"World Vision\" (Dünyaya baxış), Əlil Təşkilatları İttifaqı, \"Müstəqil Həyat\" İnkişaf və Dəstək Mərkəzi, Müşfiq adına \"Qaradağın əlil uşaqlarına yardım\" İB-nin nümayəndələri iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov tədbiri giriş sözü ilə açaraq, nazirliyin ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq təcrübəsinin \"Sosial xidmət haqqında\" Qanun layihəsinin hazırlanması işlərində də uğurla davam etdirildiyini qeyd edərək bildirib ki, Nazirlikdə fəaliyyət göstərən İctimai Şura tərəfindən qanun layihəsi ilə bağlı təkliflər hazırlanaraq müzakirə edilib və ölkəmizdə sosial xidmət sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək bir qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub.

Parlament tərəfindən qəbul olunan və möhtərəm ölkə rəhbərinin müvafiq Fərmanına əsasən tətbiqinə başlanılacaq \"Sosial xidmət haqqında\" Qanun sosial xidmətlər sahəsində mütərəqqi beynəlxalq təcrübənin respublikamızda tətbiqi imkanlarını da genişləndirəcək. Qeyd olunub ki, keçirilən bu görüşün məqəsdlərindən biri də sosial xidmətlərin təkmilləşdirilməsi istiqamətində ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin daha səmərəli təşkilidir.

Tədbirdə dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq, "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı normativ-hüquqi aktların hazırlanması, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərin hazırlanması, həmçinin bu sahədə vətəndaş cəmiyyətlərinin rolu müzakirə edilib, təkliflər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə