“Təmiz Şəhər” ASC və “Avroviziya”nın rəsmi fan klubundan müsabiqəyə dəstək
Mötəbər musiqi yarışması olan "Avroviziya" mahnı müsabiqəsi bu il Odlar Yurdu Azərbaycanda keçiriləcək. Bu tədbirlə əlaqədar bütün dünyanın diqqəti Azərbaycanın paytaxtı Bakı şəhərinə yönələcək və ölkəmizə minlərlə əcnəbi turist gələcək.
"Təmiz Şəhər" ASC-dən SİA-ya verilən məlumat görə, bu tədbir yalnız Azərbaycan incəsənətinin təbliği deyil, həmçinin mədəniyyətimizin, tariximizin və gözəl diyarlarımızın dünyaya tanıdılmasıdır.
Ölkəmizin layiqincə tanıdılması üçün şəhərimizin təmizlik və abadlaşdırma işləri önəmlidir və məhz bu səbəbdən "Təmiz Şəhər" ASC "Avroviziya"nın Azərbaycandakı rəsmi Fan Klubu ilə birgə növbəti iməcilik aksiyası keçirib.
Belə ki, mart ayının 30-da Dünyanı Müdafiə Günündə "Təmiz Şəhər" ASC və "Avroviziya"nın Azərbaycandakı rəsmi Fan Klubunun üzvləri Qobustan Milli Tarix-Bədii Qoruğunun ətraf ərazilərində təmizlik aksiyası keçirib. İməciliyin keçirilməsində məqsəd "Avroviziya 2012" mahnı müsabiqəsi zamanı ölkəmizə gələcək qonaqlar üçün daha gözəl istirahət şəraiti yaratmaq, təmizliyin qorunmasına əhalini təşviq etmək olub. Tədbirdə "Təmiz Şəhər" ASC-nin əməkdaşları ilə yanaşı, 100-ə yaxın könüllü gənc iştirak edib. Azərbaycanın qədim tarixini özündə yaşadan Qobustan qoruğunun ətraf əraziləri plastik və şüşə butulkalardan, konserv qutularından, plastik torba və müxtəlif tullantılardan təmizlənib.
Qeyd edək ki, "Təmiz Şəhər" ASC əhalinin ətraf mühitə, yaşadıqları əraziyə qarşı məsuliyyətini artırmaq və şəhərimizin təmizliyini təmin etmək məqsədilə mütəmadi olaraq bu cür aksiyalar keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB