“Qarabağ vaxtı”nı gənclər reallaşdırdı-FOTOSESSİYA

“Qarabağ vaxtı”nı gənclər reallaşdırdı-FOTOSESSİYA

Yuğ teatrında "Qarabağ vaxtı" adlı interaktiv tamaşanın ilkin təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, istedadlı gənclərdən ibarət "Bu bizik" yaradıcı qrupunun hazırladığı tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Fərqli formada, posmodernist yanaşmayla yazılan vətənlə bağlı şeirlər bədii və səhnələşdirilmiş şəkildə təqdim edilib.

Tamaşada gənc yazarların, eləcə də Bəxtiyar Vahabzadənin, Sabir Rüstəmxanlının, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair Əkbər Qoşalının, gənc şair Kəramət Böyükçölün şeirləri səhnələşdirilmiş şəkildə təqdim edilərək onların bəzilərinə pantomim hərəkətlərinin və ya canlı ritmlərin, zərb alətlərinin müşayiətilə ifa edilməsi tamaşaçılarda ayrı bir ovqat yaradıb. Gənc aktyor Lamiyənin Sabir Rüstəmxanlının günəbaxana həsr etdiyi və mənəvi həmrəylik mövzusundan bəhs etdiyi şeir zalda əyləşmiş Sabir bəyi də sanki keçmişə qaytarıb.

Kontuziya almış və yaddaşını itirən, cəmiyyətin dəli hesab etdiyi keçmiş döyüşçünün fikirləri isə insanı düşünməyə məcbur edib. Qızlarla oğlanların deyişməsi formasında olan şeir isə ailəni bütövləşdirən, cəmiyyəti təşkil edən qadınlarla kişilərin ən müsbət cəhətlərini ortaya çıxarıb.

Tədbirdən sonra tamaşanın quruluşçu rejissoru Samir Salam tamaşanın məşq formada fərqli formatda təşkil edilməsindən danışıb. Qeyd edib ki, cəmiyyətimizdə daim sözün, şeirin qüdrətinə yüksək qiymət verilsə də, son vaxtlar şeir nədənsə populyar deyil. Yaradıcı qrupun və tamaşanın iştirakçılarının isə ümumi devizi və fikri belədir. Tamaşanın iştirakçıları Tural Əhməd, Günel Lətif, Əbülfəz Fətəliyev, Kəmalə İsmayıllı, Sənan Əlləz, İlqar Babayev, Elşad Quliyev (nağara), Şəhriyar Musayev (ud), Təbriz Əmrahov, Raul Əliyev, Nailə Binnətzadə (dua edən qızcığaz) kimi isedadlı gənclərdir. Tamaşanın quruluşçu rejissoru istedadlı gənc Samir Salamdır.

Gənclərdə, əsgərlərdə, diasporumuzda, ümumən cəmiyyətimizdə vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün "Qarabağ vaxtı"nın universitetlərdə, hərbi hissələrdə, diaspor mərkəzlərində nümayiş etdirilməsi planlaşdırılır. Ən sonda isə paytaxt teatrlarından birinin böyük səhnəsində qala-təqdimat keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə