Bu gün K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda xeyriyyə aksiyası keçirilib. SİA-nın xəbərinə görə, aksiya çərçivəsində 3 yaşına kimi olan azyaşlı uşaqlar sünnət edilib. Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon Təşkilatının təşəbbüsü ilə Pediatriya İnstitutunda reallaşan aksiyada sünnət edilənlər xüsusi qayğıya ehtiyacı olanlar və aztəminatlı ailələrin uşaqları olub.
YAP Yasamal rayon Təşkilatının sədri Fikrət İsmayılov bildirib ki, təşkilat tərəfindən qaçqın, kimsəsiz ailələrin uşaqlarının sünnət edilməsi prosesi 1997-ci ildən həyata keçirilir: \"Hər il aprel-may aylarında bu əməliyyat icra olunur. Yasamal rayonu üzrə təşkil olunan aksiyaya başqa rayonlardan da müraciət daxil olduqda onlardan imtina edilmir. Elə il olub ki, 200-300 uşaq 3-4 gün ərzində sünnət edilib. Bu gün isə YAP Yasamal rayon Təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazovanın təşəbbüsü ilə 3 yaşına kimi olan uşaqların sünnəti Pediatriya İnstitutunda təşkil olunub. 3 yaşından yuxarı uşaqların sünnəti isə aprel-may aylarında həyata keçiriləcək. Rayonda olan 5, 10, 13 nömrəli uşaq polinlinikalarına verilən tapşırığa əsasən, onlar uşaqların siyahısını hazırlayır, gün müəyyənləşdirilir. Bu gündən başalnan aksiya hər həftənin 5-ci günü davam etdiriləcək\".
YAP Yasamal rayon Təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova isə rayonlararası əlaqənin mütləq yaranmalı olduğunu deyib: \"Uşaq həkim olaraq bilirəm ki, Abşeron rayonunda qaçqın, məcburi köçkün və kimsəsiz ailələr daha çoxdur. Hər həftənin cümə günü azı 5 nəfər olmaqla daha çox uşağı bizə göndərəcəklər və institutda onların sünnəti həyata keçiriləcək. Bəzi ara həkimlər və ya "dəllək"lər tərəfindən edilən proses nəticəsində uşaqların tələf olması faktı da olub. Biz istəmərik ki, uşaqlar bununla üzləşsinlər. Ona görə də bu gündən başlayaraq il ərzində aksiya yerinə yetiriləcək. Hər həftənin 5-ci günü ən azı 5 uşaq olmaqla qaçqın, məcburi köçkün və kimsəsiz ailələrin uşaqları sünnət ediləcək\".
Valideynlər də bu aksiyanı təşkil edənlərə təşəkkürlərini bildirib. Onların fikrincə, bu aksiyalar vasitəsilə kasib insanlara kömək edilir.
K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun cərrahiyyə şöbəsində yüksək ixtisaslı cərrahları tərəfindən həyata keçirilən proses uğurla yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB