“Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” ikicildli kitabın təqdimat mərasimi keçirilib-YENİLƏNİB
Bu gün "Azərbaycan" qəzetinin təşkilatçılığı ilə "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildli kitabın təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, kitabın təqdimat mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri Əli Həsənov, millət vəkilləri və digər ictimai xadimlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Azərtac" Dövlət Agentliyinin baş direktoru Aslan Aslanov bildirib ki, təqdimatı keçirilən kitabın ideya rəhbəri Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, kitabın redaktoru Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru Əli Həsənov, kitabın buraxılışa məsul olan şəxsi isə "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqovdur. Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ithaf olunub.
"Bu kitabı vərəqləyən hər bir şəxs mənfur qonşuların Azərbaycan xalqı qarşısına gətirdiyi faciələrin tarixi köklərinə bir daha nəzər salacaq. Erməni faşizminin xislətinə və erməniliyin dərinliyini bir daha dərindən dərk edəcəklər. Kitabda toplanan məsələlərin əhatə dairəsini göstərmək üçün birinci cildin bəzi başlıqlarını misal gətirmək kifayət edər. Son illərdə erməni vəhşiliyinin səbəb və nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması, xalqın milli-mədəniyyət nümunələrini, toponimlərin özününküləşdirilməsi barədə tarixi faktlara əsaslanan çox dəyərli əsərlər yazılıb. Bu gün təqdimatı keçirilən kitab isə yeni yazılan kitablar arasında xüsusi yer tutacaq".
"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov isə bildirib ki, 20 il müstəqillik tarixinə malik olan Azərbaycanda iqtisadi, siyasi və hüquqi islahatlar həyata keçirilib. Son 7-8 ildə Azərbaycan uğurlu və davamlı inkişaf konsepsiyasına uyğun olaraq uğurlarını daha da artırıb: " 20 il ərzində Azərbaycanın həll edə bilmədiyi ən mühüm problem Dağlıq Qarabağ münaqişəsidir. Lakin demək olmaz ki, bu sahədə heç bir uğurlar yoxdur. Münaqişənin başladığı 20 il ərzində göıülən işlərə nəzər salsaq, bu sahədə də çox böyük uğurların əldə olunduğunun şahidi olarıq. Azərbaycan xalqının tarix boyu başına gətirilən faciələrin dünya ictimaiyyətinə çatdırılmasına hər bir ziyalı öz töhfəsini verməlidir. Təqdimatı keçirilən kitab da bütün bu faktların birgə toplusudur və yeni nəşr jurnalistlər, siyasətçilər üçün nəzərdə tutulub. Gələcəkdə bu kitabın ingilis və rus dillərinə tərcümə olunaraq dünya ictimaiyyətinə çatırılması nəzərdə tutulub".
AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə qeyd edib ki, bu gün tarixini bilməyən xalq məhvə məhkumdur. Onun sözlərinə görə, hər bir xalq öz tarixini bilməli, ona yiyələnməlidir: "Belə olduqda həmin xalq məğlubedilməz olur. Bu baxımdan bizim ən böyük qüsurumuz öz millətimiz, xalqımızın tarixi, qanlı səhifələrini bilməməsidir. Bu gün hadisələr, soyqırımlar barədə Avropa və ya digər ölkələrin xəbərsiz olduğunu demək olmaz. Hazırda Ermənistan bir çox ölkələr tərəfindən müdafiə olunur. Ona görə də ölkə tarixində bu cür tədqiqatların aparılmasının çox böyük əhəmiyyəti var. Bu əsərin, ikicildliyin müasir dövrdə soyqırımların, faciələrin öyrənilməsi baxımından çox böyük əhəmiyyəti olacaq".
Tədbirin davamında çıxış edən millət vəkilləri Aydın Mirzəzadə, Fəzail İbrahimli və başqaları yeni nəşrin əhəmiyyəti, gələcək fəaliyyətə verəcəyi töhfələr barədə fikirlərini bölüşüblər.
Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə çıxışında yeni təqdim olunan kitabı nümunə göstərərək qeyd edib ki, əslində ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev haqqında belə samballı əsərlər yazılmalıdır.
"Bəzən yanıma gəlib deyirlər ki, ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev haqqında kitab yazmışam, amma icazə vermirsiniz ki, çap etdirək. Əslində Heydər Əliyev, İlham Əliyev haqqında belə samballı əsərlər yazılmalıdır. Bizim istəyimiz budur ki, Heydər Əliyev haqqında məhz belə kitablar yazılsın. Təəssüflər olsun ki, Heydər Əliyev haqqında kitab yazıb, sonra da bunu spekulyasiyaya çevirənlər var. Bəzən bu işə çox hörmətli adamlarımız da qoşulur. Onlarla kitablar yazırlar və həmin kitablar yalnız onu yazanın kitabxanasında özünə yer tapır. Amma heç bir ictimai yükü olmayan kitablar yazmaqdansa, Qarabağın, Naxçıvanın tarixi ilə əlaqədar, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə salnamələr yazmaq lazımdır. Mən bir gəncin adını çəkmək istəyirəm, Avropa Azərbaycanlıları Cəmiyyətinin sədri, gənc iş adamı Tale Heydərovun dəstəyi ilə salnamələrin Rusiyanın, dünyanın müxtəlif ölkələrinin arxivlərindən toplanıb Azərbaycanda dərc olunması əslində Azərbaycanın ümummilli lideri haqqında əsl kitabdır. Belə kitablar yazmaq lazımdır".
Tarixi hadisələrə münasibət bildirən Ə.Həsənov təəssüf hissi ilə qeyd edib ki, xalqımız tariximizin ayrı-ayrı məqamlarını tez unudur: "Bunun nəticəsində də ermənilər son 200 illik tarixində başımıza 5 dəfə və hər biri tarixə milli faciə kimi yazılmalı olan soyqırımlar törədib. Bu gün bizim üçün azərbaycanlıların soyqırımı dünya tarixində heç bir cizgisi ilə yaşamır, dünya ensiklopediyalarında olmayıb. Məşhur kitabxanalarda bununla bağlı hansısa səlnamə yoxdur. Yalnız qəlbimizi göynədir, amma yaddaşımıza da həkk olunmayıb. Əgər qəlbi göynədən tarix xalqın yaddaşına həkk olunmursa, o yaddaş milli iradə, fəaliyyət stimullaşdırmırsa, onun nəticəsi olaraq dünya kitabxanalarına bu hadisələr həkk olunmursa, deməli bu xalq zəif xalqdır. Ermənilər olmayan hadisələri bütün dünyanın bəlli informasiya, siyasi mərkəzlərinə yerləşdirə biliblər. Ona görə də bu kimi nəşrlərin yazılmasını, dünya ictimaiyyətinə çatdırılmasını dəstəkləməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB