Polis orqanlarına göndərilmiş namizədlərə sıra baxışı keçirilib

Polis orqanlarına göndərilmiş namizədlərə sıra baxışı keçirilib

Bu gün Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib.

DİN-dən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə qarşılanma olmuş, ÇPA-nın komandiri, polis polkovniki Zaur Abdullayev general-polkovnik Ramil Usubova sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərin mərasimə hazır olması barədə raport verib.

DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 550 nəfərdən çox namizədin düzüldüyü ayrı-ayrı kalonları gəzib, polis əməkdaşı adına iddiaçıların zahiri görünüşü, fiziki hazırlığı ilə maraqlanmış, bəzi irad və tövsiyyələrini bildirmiş, ümumən sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb olunan parametrlərə uyğun gəlməyənlər sıra baxışından kənarlaşdırılıb.

Tədbirin sonunda nazir Ramil Usubov sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərə gələcək çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulamış və əmin olduğunu bildirib ki, onlar DİO-nun ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.





Bütün xəbərlər Facebook səhifəmizdə