Aprelin 21-dən 23-dək Ukraynanın Donetsk şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti 12-ci qurultayı reallaşacaq. SİA-nın xəbərinə görə, bu barədə Konqresin həmsədri Sabir Rüstəmxanlı bu gün keçirilən mətbuat konfransı zamanı məlumat verib.
Toplantı zamanı həmsədr bildirib ki, Ukrayna Avropa və ölkələrə açıq dövlət olduğundan, qurultayın da orada keçirilməsi qərara alınıb. S.Rüstəmxanlı bildirib ki, Avropada reallaşan qurultaylarda nümayəndələrin iştirakı bəzən vizadan asılı olurdu, ancaq Ukraynada bu quruma sadiq insanların yığışması və seçilməsi imkanları daha genişdir.
Onun sözlərinə görə, qurultaya dünyanın bir sıra ölkələri, o cümlədən Avropa dövlətlərində fəaliyyət göstərən diaspor rəhbərləri, ziyalılar və nüfuzlu adamlar dəvət olunacaq. S. Rüstəmxanlı bildirib ki, qurultaydan sonra Güney Azərbaycan məsələləri ilə məşğul olan təşkilatların əlaqələndirmə mərkəzinin yaradılması nəzərdə tutulub.
Həmsədrin sözlərinə görə, qurultayın açılışını Türkiyə televiziyalarından biri canlı yayımlayacaq. O bildirib ki, qurultayda bir sıra milli məsələlər, həmçinin Dağlıq Qarabağ probleminin dünyaya çatdırılması, dünyada yaşayan azərbaycanlıların təşkilatlanması, İranda yaşayan azərbaycanlıların insan haqları və digər məsələlər müzakirə ediləcək.
Aprelin sonunda Belçikada birlik qurultayının keçirilməsi məsələsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirən S.Rüstəmxanlı qeyd edib ki, həmin tədbiri keçirmək istəyənlər vaxtilə qurumdan uzaqlaşan və uzaqlaşdırılanlardır. "Biz həmişə birlik təfərdarıyıq, mən həmin insanları da, gələn ay reallaşacaq möhtəşəm qurultayımıza dəvət edirəm".
S. Rüstəmxanlı vurğulayıb ki, Belçikada keçirilməsi nəzərdə tutulan birlik qurultayı DAK adı ilə olmamalıdır: "Artıq DAK adlı təşkilat var. Qurultay başqa adla keçirilərsə, orada iştirak edə və təbriklərimizi çatdıra bilərik. Qurultay DAK adı ilə keçirilsə, tədbir fiaskoya uğrayacaq".
Toplantının sonunda həmsədr Donetskdə keçiriləcək qurultayın bütün söz-söhbətlərə son qoyacağını bildirib.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB