Son aylarda məktəblilərin və ya azyaşlı qızların evdən qaçması məsələsi ən aktual problemlərdən biri olaraq ölkə gündəmini zəbt edib. SİA-nın xəbərinə görə, Kürdəmirdən 3, Balakəndən isə 2, digər rayonlardan isə məktəbli qızın itkin düşməsi xəbərinin yayılması cəmiyyətdə mühüm hadisə kimi yayılıb.
Bu gün bunu müxtəlif səbəblərlə izah etməyə çalışırlar. Bəziləri bunun bugünki gənclərin daha çox müasirliyə can atması, yeniyetmə yaşlarında ziddiyətli psixoloji durumu və onun təhlükəli hallara yol açması valideynlərin ciddiliyi və digərlər səbəblərlə əlaqələndirir.
Ekspertlər hesab edir ki, reabilitasiya işləri aparılmalıdır ki, onlar ya elə bir səhv eləməsinlər, ya da onu təkrar eləməsinlər. Çünki bu yaşda gənclər yeni modellər, ekstrimlər axtarırlar, fərqlənmək, diqqət çəkmək istəyirlər. Bununçün də fərqli saç düzümü, geyimlər və davranışlar seçirlər. Məsələyə düzgün sosial yanaşma da vacibdir. Çünki əks halda problem daha da qəlizləşə və oxşar hadisələrin baş verməsinə səbəb ola bilər.
Sosioloq Cavid İmamoğlu deyir ki, ailədə tərbiyə sistemi düzgün qurulmayıbsa, belə ailələrdə yaşayan yeniyetmələr, adətən uşaqlıq dövründən travmalı böyüyürlər. Onun sözlərinə görə, ailənin böhranlı vəziyyətə düşməsinin isə bir sıra səbəbləri var. Bura işsizliyi, atanın alkoqol içkisi aslılığında olmasını, ananın tənha olmasını və s. aid etmək olar. Bu məsələnin sosioloji tərəfi geniş araşdırma və tədqiqat tələb edir.
"Məktəbli qızların evdən qaçmasında cəmiyyət ilk baxışdan qızları günahlandırmağa meyllidir. Adətən bizim cəmiyyətdə qız uşaqlarına kiçik yaşlarında qoyulan məhdudiyyətlər yeniyetməlik dövründə onların davranışlarına olan kontrolu itirmələrinə səbəb olur. Kiçik yaşlarında digər həmyaşıdları ilə ünsiyyət tələbatının qarşısını almaq, onların birlikdə uşaqlığa xas olan oyunlar oynamasına müdaxilə uşaqların şüuraltında oturur və cücərməyə başlayır. Yeniyetmə yaşına çatdıqda və azacıq müstəqillik əldə etdikdə isə, uşaqlıqda olanlara görə etiraz etməyin vaxtı çatdığını düşünürlər", - deyə o əlavə edib.
Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova isə deyib ki, son aylarda ölkə ərazisində qızların ailələrindən qaçması ilə müşahidə olunan hadisələri hər kəs bir cür izah etməyə çalışır: "Bəziləri tərbiyə problemlərinin olduğunu deyir, bəziləri valideynləri, bəziləri isə uşaqların qınanmalı olduğun deyirlər. Bu isə müasir dövrün çağırışlarıdır. Qloballaşan bir dünyada bu gün kəndlə şəhərin fərqini görmək üçün şəhərə gəlmək kifayət deyil. Bu gün aradakı fərqi görmək üçün internet istifadəçisi olmaq kifayət edir. Müəyyən yaşlarda insanlarda müəyyən hormonal dəyişiklər baş verir. İnsanlar yenilik eşqi, yeniliklərə can atmaq, yeni emosiyalar, yeni arzular ilə yaşayır. Yaxşı olardı ki, bu gün yerlərdə olan məmurlarımız mədəniyyət ocaqlarını kifayət qədər aktivləşdirə bilərdilər. Azərbaycanda ən böyük problem təhsil ocaqları ilə mədəniyyət ocaqları arasındakı rabitənin qırılmasıdır. Böyük problemin həlli üçün təcili olaraq bu rabitəni bərpa etmək lazımdır.
G.Əhmədova qeyd edib ki, digər
vacib məsələ bəzi kənd yerlərində "mentalitetə" uyğun olaraq qızların hər hansı
bir kütləvi tədbirlərdə, klublarda, teatrlardakı iştirakına icazənin
verilməməsidir: "Əslində düşünürəm ki, bu gün qız ledilərin yetişdirilməsi ilə
bağlı ciddi işlər aparılmalıdır. Çünki cənubda yaşayırıq, uşaqlar tez inkişaf
edir. Onların təhsildə uğurları yoxdursa, digər sahələrdə uğurlar qazanmaq
istəyirlər. Digər sahələri isə biz özümüz onlara təklif edə bilərik. Bunlar
sosial, ictimai sahələr ola bilər. Bu sahələri onlara təklif etməyəndə onlar da
uşaq ağılları ilə arzularının, fantaziyalarının arxasınca gedəcəklər. Ona görə
də uşaqları qətiyyən qınamırıq. Sadəcə hesab edirəm ki, əyalətlərdə bu işləri
düzgün qurmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB