Paytaxt yolları \"Eurovision\"u necə qarşılayacaq? - ARAŞDIRMA

Paytaxt yolları \"Eurovision\"u necə qarşılayacaq? - ARAŞDIRMA

Son aylar havaların yağıntılı keçməsi paytaxtda bir sıra fəsadlarla yadda qaldı. Əvvəl yollar buz bağladı, daha sonra yolları sel-su cənginə aldı. Nəticədə isə yeni çəkilən asfalt yollar dağıldı, keçilməz çuxurlar yarandı.

Şəhərin 20 yanvar dairəsində, Biləcəri istiqamətində, Memar Əcəmi metrostansiyasının ətrafındakı yollarda, eləcə də Bakıxanov, Şərifzadə, Babək, Mətbuat prospektlərindəki yollarda iri çatlar əmələ gəlib. Elə bu səbəbdəndir ki, son günlər yollarda yaranan tıxaclar intensiv hal alıb.

Yolumuzu saldığımız ilk unvan Bakının Şimal qapısı sayılan 20 Yanvar metrostansiyasının ətrafı oldu. Nəzərə alsaq ki, paytaxta gələn hər bir kəsin yolu buradan düşəcək o zaman bu yolların təmirli olması xüsusi önəm kəsb edir. Həm də Bakının may ayında keçiriləcək \"Eurovision\" mahnı müsabiqəsində ev sahiblik edəcəyi bir zamanda.

\"Eurovision\" dedim yadıma paytaxtda bu müsabiqə ilə əlaqədar aparılan hazırlıq işləri düşdü. Bir tərəfdə müsabiqəni əks etdirən lövhələr digər bir tərəfdə isə turistlərin rahat gecələməsi üçün tikilib istifadəyə verilən otellər şəhərimizi bəzəyir. Ancaq deyəsən növbə ilə görülən bu işlərdən bircə yan keçən paytaxt yollarıdır. Əgər belə olmasaydı şəhərimizin mərkəzi yolları təmir edildiyi halda mərkəzdən bir qədər kənarda olan yollar elə diqqətdəndə kənarda qalmazdı. Müqayisə üçün deyək ki, baş çəkdiyimiz ərazi Neftcilər prospektidir ki, hər tərəf göz oxşayan gözəllikləri ilə birgə. Yollar çuxursuz və tıxacsız. Digər bir ünvan isə Yasamal rayonu Şərifzadə küçəsi. Yol kənarları sökülüb, asfalt isə tamamilə çöküb.

\"\"

\"\"

\"\"

Hər gün bu cala-cuxurlu yollardan keçmək məcburiyyətində qalan sürücülərin ilk şikayəti də elə yolların baxımsız vəziyyətdə olması oldu. Kimi dedi yollardakı çuxurların əlindən maşınlarımız əldən gedir, kimi də artıq buna bir növ adətkərda olmuşuq dedi. Bura tamamilə keçilməz hal alıb.

Səməd İbrahimov: "Bir həftə ərzində adam necə dəfə maşını təmir edər? Cibimizdə pulda qalmayıb".

Hüseyn İmanov: "Mənim evim bu küçədən keçir, ona görə bu yoldan gedib gəlməyə məcburam. Hər gün səhər bu yoldan keçəndə arzulayıram ki, qayıdanda möcuzə baş versin. Amma elə arzum ürəyimdə qalır. Yenə eyni mənzərə. Bu nə vaxt bitəcək axı".

Hələ bu azmış kimi bir tərəfdəndə günün müxtəlif saatlarında yaranan tıxaclar yolçunu yoldan edir, insanların səbr kasasını daşdırır.

Sahib Nəzərov 30 ildən artıqdır ki, taksi fəaliyyəti ilə məşğuldur. Deyir son bir ayda bu küçədən yolunu təsadüfi hallarda salır. Çünki burda tıxaca düşsə bir neçə saatdan sonra çıxa biləcəyini bilir: "Mən özüm mərkəzi küçələrdə taksi xidməti ilə məşğul oluram. Bura yolumu salmıram. Sərnişin əgər bu ünvanı deyirsə, o zaman etiraz edib gəlmirəm, ayrı müştəri gözləyirəm. Çünki bura gələndə maşınım əldən gedir. Elə müştəridən aldığım pulu maşınımın təmirinə xərcləyirəm".

\"\"

\"\"

Paytaxda apardığımız qısa reyd zamanı yollarda qarşımıza çıxan mənzərələr bizi əməlli başlı mat qoydu. Mərkəzi yollardan biri ilə irəliləyirdik ki, birdən yolun ortasında iri bir maşın təkəri diqqətimizi çəkdi. Əvvəl bunun yola düşən hansısa lazımsız bir əşya olduğunu zənn etdik. Lakin yaxınlaşdıqda mənzərə tamamilə dəyişdi. Bu maşınları iri bir çuxurdan qorumaq üçün nişan funksiyasını daşıyırdı.

\"\"

Yaranmış vəziyyətdən isə Nəqliyyat Nazirliyində məlumatsız deyillər. Nazirliyin yollara cavabdeh qurumu sayılan "Azəryolservis ASC"-nın mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, hazırda paytaxt yollarında bir neçə istiqamətdə təmir bərpa işləri aparılır. Bu xüsusilə mərkəzi prospekt və küçələrdə həyata keçirilir. Baxmayaraq ki, hazırki şəraitdə yolların əsaslı təmir edilməsi mümkün deyil: "Biz artıq bir neçə həftədir ki, təmir işlərinə başlamışıq. Əvvəl mərkəzi küçələrin lazımı yerləri təmir edilir. Çala-çuxurları doldururuq. Bütün işləri eyni zamanda görmək olmaz. Buna vaxt lazımdır. Təxminən 2 ay ərzində işlər tam yekunlaşacaq.

O ki, qaldı qarşıdan gələn \"Eurovision\" mahnı müsabiqəsi zamanı yollarımızın xarici qonaqlara aşağı səviyyədə təqdimatına, qurum rəsmisi deyib ki, bundan narahat olmağa dəyməz. Çünki o zamana kimi əsas yollarda təmir işləri aparılacaq: "\"Eurovision\" olsa da. olmasa da biz qurum olaraq öz işimizi görürük. Hazırda yolların tam təmirindən söz gedə bilməz. Çünki yollar təmir edilməmişdən əvvəl gərək ərazidə olan bütün kanalizasiya sistemi dəyişilsin. Bu isə indiki zamanda mümkün deyil".

Hər halda ümüd edək ki, paytaxtımıza gələn turistlər yolların çala-çuxurlu olması üzündən saatlarla tıxacda gözləməli olmayacaq. Əks halda paytaxtımızda görüb yadda saxladıqları elə yollarımızın açınacaqlı vəziyyəti olacaq. Digər bir tərəfdən də kiminsə yolunun mərkəzdən kənara düşməsini arzulamırıq. O zaman yollarımız Bakıya təşrif buyuran qonaqların yanında üzümüzü ağ etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə