Misirdə “Beynəlxalq Novruz festivalı” keçirilib

Misirdə “Beynəlxalq Novruz festivalı” keçirilib

Misirdə Azərbaycan, Türkiyə, İran İslam Respublikası, Qazaxıstan, Tacikistan, Özbəkistan və Əfqanıstan İslam Respublikasının səfirliklərinin birgə iştirakı ilə "Beynəlxalq Novruz festivalı" keçirilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə festivalın təşkilatçısı olan ölkələrin səfirləri, bu ölkələrin Misirdəki icma üzvləri, Misirin dövlət və hökumət təmsilçiləri, Qahirədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, akademik və elmi dairələr və ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Səfir Ş.Abdullayev Azərbaycan xalqının qədim Novruz ənənələrindən danışaraq, Azərbaycanın təşəbbüsü və Novruzu qeyd edən bir çox dövlətlərin həmmüəllifliyi ilə BMT Baş məclisində 2010-cu ildə qəbul olunmuş "Beynəlxalq Novruz günü" qətnaməsi haqqında məlumat verib. O əlavə edib ki, Cənubi Qafqaz, Mərkəzi Asiya, Balkanlar, Yaxın Şərq və Qara dəniz hövzəsi boyunca 300 milyondan artıq insan tərəfindən qeyd olunan Novruzun əsas qayəsini insanlar və xalqlar arasında sülh, dostluq və əməkdaşlıq təşkil edir.

Misirin və ərəb dünyasının aparıcı televiziya kanalları və yerli mətbuat tərəfindən geniş şəkildə işıqlandırılan bu tədbir çərçivəsində Səfir Ş.Abdullayev çoxsaylı müsahibələr vermiş və jurnalistlərin suallarını cavablandırıb.

Festivalda Türkiyə, Özbəkistan, İran İslam Respublikası, Özbəkistan, Tacikistan və Əfqanıstan İslam Respublikasının səfirləri də çıxış ediblər. Festival çərçivəsində hər bir ölkənin milli mədəniyyətini və Novruz adət-ənənələri əks etdirən xüsusi guşələr nümayiş etdirilib. Maddi-mədəniyyət nümunələrimiz ilə bəzədilmiş Azərbaycan guşəsinin zənginliyi və gözoxşayan gözəlliyi, milli mətbəximizin ləziz təamları və Novruza xas olan şirniyyatlarımız, ifa olunan kişi və qadın Azərbaycan rəqs nümunələri iştirakçılarda xüsusi maraq və xoş ovqat yaradıb

Bütün xəbərlər Facebook səhifəmizdə