Sakinlər bayramın son istirahət gününü necə yaşadı?

Sakinlər bayramın son istirahət gününü necə yaşadı?

Sabahdan artıq bütün müəssisələrdə rəsmi iş günü başlayır. SİA əməkdaşları da bu münasibətlə şəhər sakinləri və paytaxt qonaqlarından bayramı və bayram istirahətini necə keçirdiklərini öyrənməyə çalışaraq, yolunu Dənizkənarı Milli Parkdan salıb.

Bulvarda artıq bayram ab-havası olmasa da istirahətin son gününün dadını çıxardanlar kifayət qədər idi. Şəhər sakini Namiq Verdiyev bildirib ki, o, builki bayramı çox gözəl keçirib: "Evdə, ailəmlə birgə baharı qarşıladıq. Dövlətimiz sağ olsun, diqqəti nəticəsində bayramlarımız il-ildən daha da maraqlı və əla keçir".

Bulvardakı yeni quruculuq və abadlaşdırma işlərindən məmnun qaldıqlarını bildirən şəhər sakinləri qeyd ediblər ki, bu yeniləşmələr sayəsində ailəvi olaraq daha da həvəslə gəzintiyə çıxırlar.

Tələbə Aynur Həbibova isə bildirib ki, bu il bayramı ailəsindən kənarda qeyd etsə də dostları sayəsində maraqlı gün yaşayıb: "Bu il Novruz mənim üçün çox gözəl keçdi. Bakımız da günü-gündən gözəlləşir. Hər şey çox əla idi. Allah həmişə bizə bayram yaşamağı nəsib etsin.Çünki biz hər şeyin yaxşısına layiq olan xalqıq".

Bütün bu gözəlliklərlə yanaşı hər il olduğu kimi Novruzu xüsusi sevinc və coşğu ilə qeyd edənlər içində baharı iş başında və ailəsindən kənarda qarşılayanlar da olub. Neft daşlarında çalışan paytaxt sakini Ağasif Əliyev bildirdi ki, o bayramı iş başında qeyd edənlərdən olub: "Bayramı iş yerində keçirtdik. Lap əla keçdi. Orda da konsert təşkil edilmişdi. Deyə bilərəm ki, bu il Azərbaycanda Novruz daha yaxşı keçdi. Bu bayramı mən ailəmdən uzaqda, dənizdə qeyd etsəm də, televizordan görürdüm ki, prezidentimizin gəzintisi ilə bayramı daha da maraqlı və gözəl edib".

7 günlük bayram istirahətini fürsət bilib dənizkənakı milli parka üz tutanlar bu il daha fərqli və maraqlı mənzərələrlə rastlaşıblar. Dənizkənarı Milli Parkın rəis müavini Nazim Məcidov bildirir ki, bu Novruz ötən illərə nisbətən bulvara axın daha çox olub. Bulvar rəsmisi qeyd etdi ki, ayrı-ayrı rayonlardan gələn sakinlər tərəfindən Milli Parkda xüsusi Bazar meydanı qurulmuşdu. O bildirdi ki, elə bu meydanda da Azərbaycanın kulinariyası, mətbəxi və folkloru daha geniş şəkildə təmsil olunub. N.Məcidov bunun da gərək yerli insanlar, gərəksə də ölkəmizdə olan xarici qonaqlar tərəfindən olduqca maraqla qarşılandığını bildirib.

Bütün bunlarla yanaşı bulvara istirahətə gələnlər üçün münasib şəraitlərin yaradıldığını bildirən N. Məcidov qeyd etdi ki, parkda ötən ildən adət halını alan 15 yaşına qədər uşaqlar üçün pulsuz atraksion aksiyası bayramla əlaqədar martın 29-na salınıb. Odur ki, əziz paytaxt sakinləri və şəhərimizin qonaqları, bayramın son istirahət günündən sonra balalarınıza bir daha bayram sevinci yaşatmağa tələsin.


Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə